İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.

"Renewables.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanın yaşıl enerji potensialı və ölkəmizin regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Ölkəmizin əldə etdiyi nailiyyətlərin böyük maraq doğurduğunu vurğulayan Brüs Flətt Bakıda gördükləri inkişaf proseslərinin dərin təəssürat hissi yaratdığını deyib. O, həmçinin Azərbaycanın əldə etdiyi uğurların ölkəmizin böyük nailiyyəti olduğunu vurğulayaraq təbriklərini çatdırıb.

Qonaq “Brookfield Asset Management” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə uğurlu əməkdaşlığının genişləndiyini vurğulayıb və bildirib ki, rəhbərlik etdiyi şirkət peşəkar səviyyədə fəaliyyət göstərən ARDNF ilə əlaqələrindən qürur duyur. 

Qeyd edək ki, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan və əsas ofisi Kanadada yerləşən “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri 750 milyard ABŞ dolları təşkil edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *