Fürsətdən istifadə edərək, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyiniz dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm. Bir daha fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasındakı mövqeyinizə görə, Azərbaycana verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Renewables.az President.az saytına istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib.
Prezident deyib: "Bu gün bir çox önəmli sənədlər imzalanmışdır, bir azdan sonra sənədlərin mübadiləsi mərasimi keçiriləcək. Əminəm ki, bu sənədlər gələcək əməkdaşlığımız üçün çox güclü zəmin yaradacaq.
Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur".
Rəylər (0):