Kadri Simson: "Aİ Azərbaycanla yaşıl enerji sahəsində əlaqələri genişləndirməkdə maraqlıdır"

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Renewables.az" bu barədə Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

Dövlətimizin başçısı tədbirdə iştirakına görə Kadri Simsona təşəkkürünü bildirib. Prezident İlham Əliyev ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl enerji üzrə nazirlərin 1-ci iclasının, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında nazirlər səviyyəsində görüşün keçiriləcəyini qeyd edib.

Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirib.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılacaq müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına ümidvar olduğunu qeyd edib.

Kadri Simson Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə edib. Qonaq deyib ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir.

Energetika məsələləri üzrə komissar bildirib ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *