Avropa İttifaqı (Aİ) üçün bərpa olunan enerjinin inkişaf etdirilməsi və tətbiqi üzrə əməkdaşlıq xüsusilə vacibdir ki, bu məsələlər də bu ilin sonunda Bakıda keçiriləcək COP29-da nəzərdən keçiriləcək.
Renewables.az xəbər verir ki, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson “Report”a müsahibəsində Azərbaycanın enerji siyasəti, Aİ-nin enerji təhlükəsizliyində ölkəmizin rolu, bu sahədə gələcək layihələr və birgə əməkdaşlıq tədbirləri barədə danışarkən bildirib.
Aİ-nin enerji məsələləri üzrə komissarı deyib: "Azərbaycan Aİ üçün mühüm enerji müttəfiqidir. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təkcə Avropaya alternativ qaz tədarükünün təhlükəsizliyini təmin etmir, eyni zamanda enerji səmərəliliyi və təmiz enerji üzrə uzunmüddətli tərəfdaşlığın əsasını qoyub. Bu, Avropa İttifaqı tərəfindən 2022-ci ilin mayında işə salınan "RePowerEU" planı çərçivəsində şaxələndirmə hədəflərinə də töhfə verəcək və Avropanın Rusiya qazından asılılığını sona çatdırmağa kömək edəcək".
K. Simson qeyd edib ki, bu gün keçiriləcək Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası Aİ-Azərbaycan enerji tərəfdaşlığının mühüm sütunları olan bərpa olunan enerji istehsalının, enerji səmərəliliyinin və bərpaolunan hidrogenin təşviqinə həsr olunacaq: "İkinci Yaşıl Enerji Məsləhət Şurasının diqqət mərkəzində Azərbaycanda iri dəniz külək və günəş enerjisi potensialının inkişafı, o cümlədən regional səviyyədə fiziki əlaqənin və bazar inteqrasiyasının təkmilləşdirilməsi olacaq. Bakıda keçiriləcək qarşıdan gələn görüşlər Avropa rəsmiləri və şirkətlərinə dəniz külək enerjisi potensialını inkişaf etdirmək və Avropa şirkətlərinin Azərbaycan bazarına sərmayə yatırmaq üçün tərəfdaşlarla daha çox əlaqə yaratmaq imkanı verəcək".
Aİ rəsmisi COP29-la bağlı fikirlərini də bölüşüb: "Biz COP29-un Bakıda uğurla keçirilməsi üçün COP29-un Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edəcəyik. Xüsusilə, 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə Qlobal Öhdəliyi irəliyə aparmaq üçün biz COP29-a sədrlik edən Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik".
Rəylər (0):