Cənub Qaz Dəhlizi, həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi.
Renewables.az xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirib.
Kadri Simson: "Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz burada, Küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpaolunan enerji potensialının növbəti bir nümunəsidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur. Mən bu sahədəki təşəbbüsü alqışlayıram və biz hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpaolunan enerji şirkətlərinin artan marağını görürük. Bu nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır.
Biz bu gün Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında Yaşıl enerji dəhlizi layihəsini müzakirə edəcəyik. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsü region üçün xüsusi önəm daşıyır. O, həmçinin Avropa İttifaqına gələcəkdə elektrik enerjisi ixracında Azərbaycanı əsas tərəfdaş kimi müəyyən edir. Bu vacibdir, çünki Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaqdır. 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur. Bu, gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir. Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilmişdir və bu da Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Kompleks infrastruktur layihələrinin icrasında bacarığınızın təzahürüdür və təmiz keçidlə bağlı Sizin gələcək baxışlarınızdır. Şübhə etmirəm ki, bu, uğurlu COP29 olacaqdır və tam əminliklə Siz Avropa İttifaqının dəstəyinə arxalana bilərsiniz.
Biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı olan təşəbbüslərin icrasına töhfə vermək istəyirik ki, həm ikitərəfli, həm qlobal metan qazı təşəbbüsü xətti ilə neft və qaz sənayesindən metanın havaya atılmasının azaldılması məsələsində çalışmağa hazırıq. Təbii ki, bu, bizim strateji məqsədlərimizdir".
Rəylər (0):