Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Bakı Enerji Forumunun “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” plenar müzakirəsində çıxış edib.
Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.
Kamran Hüseynov çıxışında 2027-ci ilə qədər 2000 MVt gücündə icra olunan, o cümlədən 4 iyunda təməli qoyulan 1000 MVt gücündə yaşıl enerji layihələri barədə danışıb. Qeyd edilib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən bu layihələr bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılması hədəfinə daha da yaxınlaşdırır.
İlk bərpa olunan enerji hərracı barədə məlumat verilərək bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə elan edilən hərrac yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə uyğun olaraq özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş çərçivəsində “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin yaradılmasından danışılıb, ötən ay Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb.
Panel müzakirələrində həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Boston Consulting Group, CESI, Masdar, ACWA Power və digər şirkətlərin nümayəndələrinin çıxışları dinlənilib.
Rəylər (0):