"Masdar" Qırğızıstanda 1 QVt gücündə günəş enerjisi layihələri həyata keçirəcək

image

Dünyanın aparıcı bərpa olunan enerji şirkətlərindən biri olan "Masdar", Qırğız Respublikasının Energetika Nazirliyi ilə 1 giqavat gücündə günəş enerjisi layihələrinin işlənməsi haqqında müqavilə imzalayıb. 

"Renewables.az" şirkətin saytında dərc olunan məlumata istinadən xəbər verir ki, İcra sazişini Qırğız Respublikasının energetika naziri Taalaibek İbraev və "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi imzalayıblar.

Müqaviləyə əsasən, ilkin mərhələdə şirkət Mərkəzi Asiya ölkəsində 2026-cı ilə qədər 200 MVt gücündə günəş elektrik stansiyası inşa edib istifadəyə verəcək.

Qırğız Respublikasının energetika naziri Taalaibek İbraev deyib: “Qırğızıstan yaxşı günəş enerjisi potensialına malikdir. Gücü 1 QVt-a qədər olan günəş elektrik stansiyalarının inkişafı layihələrinin uğurla həyata keçirilməsi ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək. Bərpa olunan enerji sisteminin genişmiqyaslı inkişafı həm də respublika əhalisinin məşğulluğunun, məişət şəraitinin və enerji təchizatının yaxşılaşdırılmasına, kənd yerlərində yoxsulluğun azaldılmasına, təhsilin səviyyəsinin yüksəldilməsinə, həmçinin yeni müasir texnologiyaların tətbiqinə kömək edəcək".

“Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi deyib: “"Masdar"ın Mərkəzi Asiyada kifayət qədər təcrübəsi var və biz Qırğızıstanın təmiz enerji məqsədlərini dəstəkləmək üçün öz təcrübəmizdən istifadə edəcəyik. Qırğızıstan bol günəş resursları ilə bərəkətlidir və biz bu 200 MVt-lıq stansiyanın təmiz enerjiyə çıxışı və təhlükəsizliyi artırmaqla yanaşı, ölkənin emissiyaların azaldılması ilə bağlı məqsədlərini dəstəkləyəcək bir sıra layihələrdən birincisi olduğunu görürük".

İcra Sazişi keçən ilin aprelində iki tərəf arasında imzalanmış Anlaşma Memorandumuna əsasən imzalanıb.

Qeyd edək ki, Qırğızıstan 2030-cu ilə qədər karbon qazı emissiyalarını 44 faiz azaltmaq və 2050-ci ilə qədər "sıfır karbon" ölkəsi olmaq niyyətindədir.

Xatırladaq ki, "Masdar" şirkəti Azərbaycanda da bərpa olunan enerji layihələri həyata keçirir. 2022-ci ilin martında şirkət tərəfindən reallaşdırılacaq "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulub. Bundan başqa, şirkətlə bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı bir sıra müqavilələr imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *