Naxçıvandakı stansiyaların generasiya gücü 244.8 MVt-dır.
Renewables.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən Total Energies, Czech Engineering, Nobel Energy, Masdar, ACWA Power, China Energy, Notus ilə “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir. Bu istiqamət üzrə yol xəritəsi hazırlanır. Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib. Əslində enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də vardır ki, burda günəşli günlərin sayı çoxdur.
Ərazicə kiçik Naxçıvanda böyük enerji layihələri planlaşdırılmışdır. Bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244.8 MVt-dır. Amma yaxın illərdə 1500 MVt güc əlavə olunacaqdır. Bu o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaqdır.
Qeyd olunub ki, mövcud günəş elektrik stansiyalarının sahəsi üzərində günəş enerjisi potensialının qiymətləndirmə nəticələrinə görə bir hektar ərazidə təqribən 0,6 meqavat gücündə stansiya qurulduğu və il ərzində 900.000 kilovatdan artıq elektrik enerjisi istehsal edildiyi müəyyən olunub. Yəni bu onu deməyə əsas verir ki, Naxçıvanda yaşıl enerji potensialı nəzərdə tutulan 1500 meqavatdan da çoxdur.
Dövlət proqramına əsasən “Yaşıl enerji” istehsalı üçün 7992 ha ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq. COP29 tədbirinə qədər təməlatma olacağı planlaşdırılır. İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyası da yaxın zamanda tikiləcək. Artıq bu stansiyasının tikilməsi üçün 688 hektar ərazi də ayrılıb.
Görülən bu işlərin nəticəsində Naxçıvanda ümumi elektrik enerjisinin istehsalında “Yaşıl enerji”nin payı illər üzrə davamlı olaraq artır. Belə ki, 2023-cü ilin doqquz ayında "yaşıl enerji"nin istehsal payı 35.1 faiz olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl enerji”nin hesabına təmin olunur. Çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100 faizi “yaşıl enerji”nin payına düşüb.
Rəylər (0):