Nazir müavini: "Avropaya ilkin mərhələdə 4 QVt həcmində yaşıl enerji ixracı nəzərdə tutulur"

image

Energetika nazirinin müavini Kamal Abbasov Beynəlxalq Enerji Forumunun ev sahibliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilmiş “Enerjiyə baxış üzrə 14-cü Beynəlxalq Enerji Agentliyi (IEA) - Beynəlxalq Enerji Forumu (IEF) - Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Simpoziumu”nda çıxış edib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, çıxışda Azərbaycanın enerji sektorunda həm ənənəvi, həm də bərpa olunan enerji mənbələri baxımından əldə etdiyi nailiyyətlər qeyd edilib.

Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın davamlı və ekoloji cəhətdən təmiz enerji həllərinə müstəsna diqqət yetirdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan COP28 çərçivəsində yaşıl enerji və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulub və bərpa olunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 %-dən 33 %-ə yüksəldilməsi planlaşdırılır.

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq haqqında danışan nazir müavini bildirib ki, Avropaya ilkin mərhələdə 4 QVt həcmində yaşıl enerji ixracı nəzərdə tutulur. Çıxışda Azərbaycanın yaşıl hidrogen sahəsinə marağı ifadə edilib və vurğulanıb ki, aşağı karbonlu enerjiyə artan tələbatı ödəmək üçün hidrogenin bərpa olunan enerji mənbələri hesabına istehsalı və ixracı potensialı araşdırılır.

Simpoziumda “Enerji təhlükəsizliyi, texnologiya və davamlılıq – Ssenarilər və bazarlar”, “Əsas dünyagörüşü və müqayisəli təhlil nəticələri”, “Enerji təhlükəsizliyində ticarət və investisiya, Bazar sabitliyi və əlverişli giriş” və “Ortaq məqsədlərə çatmaq üçün siyasət və enerji bazarı təşviqləri” adlı 4 sessiya üzrə müzakirələr aparılıb. Tədbirin açılış hissəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, IEF, OPEC Baş katibləri, Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorunun müavini, digər sessiyalarda isə bir sıra beynəlxalq təşkilat və qurumların ekspertlərinin çıxışları dinlənilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *