Pre-COP29 çərçivəsində “BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” tədbiri keçirilib

image

Bakıda keçirilən Pre-COP29 tədbiri çərçivəsində "BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda yan tədbiri keçirilib.

Renewables.az-ın xəbərinə görə, tədbirin açılış mərasimində COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP28-in baş icraçı direktoru Adnan Amin, COP30-un iqlim üzrə katibi Andre Correa do Lago çıxış ediblər. Panel sessiyalarında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA), Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.

IRENA-nın baş direktoru Françesko de Kamera çıxışında deyib ki, XXI əsrin sonuna qədər qlobal temperaturun sənaye inqilabından əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı həddə məhdudlaşdırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün qlobal enerji keçidinin sürətləndirilməsini tələb edəcək. O qeyd edib ki, 2023-cü il bərpa olunan enerji mənbələri üzrə daha bir rekord il olub: “IRENA-nın məlumatlarına əsasən, 473 giqavat bərpa olunan enerji gücü və ya 87 % yeni gücün əlavə edilməsi nəticəsində qlobal bərpa olunan enerji gücü demək olar ki, 3,9 teravat artıb”, - baş direktor qeyd edib.

F.Kamera bildirib ki, günəş fotoelektrik enerjisi istisna olmaqla, bütün bərpa olunan enerji texnologiyaları üzrə gücün artımı tələb olunan səviyyədən aşağı olaraq qalır: "Quruda külək enerjisi gücü illik gücü 3 dəfə, dənizdə külək enerjisi gücü və bioenerji 6 dəfə, geotermal enerji 35 dəfə artmalıdır”.

Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov 2030-cu il hədəflərinə çatmaq üçün bərpaolunan enerji mənbələri, elektrik şəbəkələri, saxlama və səmərəliliyə 31,5 trilyon ABŞ dolları həcmində məcmu sərmayə lazım olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırkı səviyyədə bərpaolunan enerji mənbələrinə illik investisiyalar 2024-2030-cu illər arasında hər il tələb olunan 1,5 trilyon ABŞ dollarından azdır. Buna görə də bərpaolunan enerji potensialını və investisiya qoyuluşunu ildə 2 dəfədən çox, enerji səmərəliliyinə investisiyanı isə 7 dəfə artırmaq lazımdır.

Nazirin sözlərinə görə, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpaolunan enerji potensialının artırılmasına xidmət edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.

“2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması ölkə miqyasında xalis sıfır emissiyaya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsal etmək planlarımız var. Bunun 70 faizi ixrac ediləcək və biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor - “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” üzərində işləyirik. Həmin yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya, daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz yaşıl gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir”, - deyə nazir əlavə edib.

Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo qeyd edib ki, Braziliyada istehlak edilən enerjinin 90 %-i bərpa olunan enerji mənbələrindən əldə olunur. A.Korrea Braziliyanın təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinə ehtiyacı olduğunu qeyd edib: “Braziliya və digər inkişaf etməkdə olan ölkələrin timsalında, bərpa olunan enerji mənbələrinə əsaslanan yeni sənayeləşməyə çatmaq imkanı var. Bu, əsasən inkişaf etməkdə olan ölkələrin irəli sürə biləcəyi bir şeydir”.

Qeyd edək ki, tədbirdə IRENA-nın “BƏƏ Konsensusuna nail olmaq: 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması istiqamətində irəliləyişlərin izlənməsi” hesabatının təqdimatı baş tutub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında qeyd edib ki, “Qlobal Bərpa Olunan Mənbələr və Enerji Səmərəliliyi Vədi” ilə bağlı hesabat iqlim dəyişikliyi ilə mübarizədə və enerji keçidində ambisiyalarımızı və fəaliyyətlərimizi artırmalı olduğumuza dair mühüm mesajlar verir. Üçqat hədəfə çatmaq ölkələrdən bərpa olunan enerji ambisiyalarını, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini yeniləməyi, həmçinin investisiyaların artırılmasını tələb edir ki, bu aspektdə COP29 bərpa olunan enerji potensialının sürətli inkişafına yol açan və məhdudiyyətləri aradan qaldıran prioritet və təşəbbüsləri ilə COP28 razılaşmasının irəliyə aparılmasına təkan verəcək."

“BƏƏ Konsensusuna nail olmaq: 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması istiqamətində irəliləyişlərin izlənməsi” hesabatı IRENA-nın rəsmi saytında da dərc olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *