Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq. Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib.
"Lakin bu, sadəcə, başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır, - beləliklə, biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcəyik. Bu, tamamilə realdır. Mənim dediyim bizim planlarımız deyil. Artıq müqavilələr imzalanıb, torpaq sahələri nəinki təkcə seçilib, hətta onlar artıq tikinti üçün də ayrılıb. Ola bilsin bir neçə aydan, maksimum 3-4 aydan sonra biz mənim dediklərimin hamısını öz gözümüzlə görəcəyik.
Azərbaycanda bərpaolunan enerji resurslarının istehsalını 5 qiqavata qədər artırsaq, bu, elektrik enerjisi üçün istifadə etdiyimiz təbii qazın böyük bir hissəsini əvəz edəcək və biz bərpaolunan enerji resurslarından istifadə üzrə hədəfimizə hətta daha qısa müddət ərzində çata bilərik. Əlbəttə, burada olan sinerji ondan ibarətdir ki, elektrik enerjisi stansiyalarına göndərilməyən qənaət edilmiş qaz ona indi ehtiyacı olan və gələcəkdə də ehtiyacı olacaq Avropaya nəql ediləcək. Lakin Avropanın təkcə buna ehtiyacı olmayacaq. Avropaya əlavə yaşıl enerji mənbələri də tələb olunacaq. Çünki Avropa ölkələrinin yatırdığı nəhəng investisiyaları nəzərə alsaq, onların hələ də çatışmazlığı olacaq. Beləliklə, onlara əlavə enerji tələb olunacaq və biz bunun üzərində çalışırıq. Bildiyiniz kimi, Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel layihəsinin indi texniki-iqtisadi əsaslandırmasının sonuncu mərhələsidir. Texniki-iqtisadi əsaslandırma hazır olan kimi biz prosesə başlayacağıq. Biz artıq praktiki cəhətdən bu kabelin Mərkəzi Asiyaya qoşulması imkanını da müzakirə edirik. Beləliklə, indi dediyim kimi, biz layihəni genişləndiririk. Çünki layihə Qara dəniz kabel xətti kimi, yəni, Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan layihə kimi başlamışdır. Biz layihəni Xəzər dənizinə qədər genişləndirdik və indi biz onu daha da, Xəzərin şərq sahilinə - Qazaxıstana qədər genişləndiririk.
Qazaxıstanda və Özbəkistanda bərpaolunan enerji resursları ilə bağlı investisiya layihələrini nəzərə alaraq, nisbətən qısa müddət ərzində bu ölkələr elektrik enerjisi qıtlığı yox, elektrik enerjisi profisiti olan ölkələr sırasına daxil olacaq. İxrac marşrutu isə yenə də Azərbaycandan Avropaya gedəcək", - dövlət başçısı deyib.
Rəylər (0):