Renewables.az saytının fəaliyyətə başlamasından 3 il ötür

image

Renewables.az informasiya saytının fəaliyyətə başlamasından 3 il ötür.

Xəbər saytı 2 aprel 2021-ci ildə “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” xəbəri ilə fəaliyyətə başlayıb. 

Portal xəbərlərin etibarlı bir mənbədən əldə olunmasını təmin etmək və bərpa olunan enerji sahəsində məlumat azlığını qismən də olsa aradan qaldıraraq bu sahənin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Bərpa olunan enerji sahəsi üzrə ilk ixtisaslaşmış informasiya portalında Azərbaycanda və dünyada baş verən ən vacib xəbərlər dərc olunur.

Xəbərlər birbaşa rəsmi mənbələrə, etibarlı informasiya agentliklərinə istinad edilərək dərc olunur. Saytda hesabatlar, statistikalar, müsahibələr, məqalələr və elanlar, o cümlədən mənbələr bölməsində bərpa olunan enerji mənbələri - günəş, külək, hidro, bio, geotermal və dalğa enerjisi üzrə xəbər və məlumatlar yayımlanır. Bundan əlavə, elektromobillik, dayanıqlılıq, enerji saxlanc sistemi üzrə xəbərlər eyniadlı bölmələrdə oxuculara çatdırılır.

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar xüsusi yaradılan COP29 bölməsində tədbirlə bağlı (yaşıl enerji üzrə) yeniliklər oxuculara təqdim olunur.

Renewables.az Bakı Enerji Forumu və Bakı Su Həftəsinin deleqatıdır və Türkiyə, Belçika, Çin, İndoneziya, Birləşmiş Krallıq, Vyetnam, ABŞ, Almaniya, Portuqaliya, Avstraliya, Yunanıstan, Sinqapur, Polşa, Çili, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya və Rumıniyada keçirilən 55-dən çox tədbirin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.

Fəaliyyətə başladığı gündən indiyədək saytda 3,500-dən çox "yaşıl" xəbər dərc olunub. Portal Azərbaycanın 17-ci və 18-ci Milli İnternet Mükafatının (NETTY 2022 və 2023) nominantı seçilib. 

Renewables.az qısa zamanda geniş oxucu və izləyici kütləsi qazanıb və Azərbaycanın yaşıl enerji sektoru üzrə etibarlı xəbər saytı olmağı hədəfləyir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *