SOCAR və Technip Energies şirkətləri dayanıqlı enerjinin inkişafına dair əməkdaşlıq sazişi imzalayıblar

image

İyulun 15-də SOCAR Tower-də SOCAR və Technip Energies şirkətləri arasında “Upstream Sektorunda Davamlı İstehsal üçün Əməkdaşlıq Sazişi” imzalanıb.

Berpaolunanenerji.az” SOCAR-a istinadən xəbər verir ki, saziş çərçivəsində dənizdə aparılan neft və qazçıxarma əməliyyatlarında enerji effektivliyinin artırılması, ümumi sahibkar xərclərinə qənaət, eləcə də karbon emissiyasının azaldılması istiqamətində dayanıqlı inkişaf imkanları araşdırılacaq.

Sazişə əsasən, əlavə öhdəlik yaratmadan, dənizdə üzən külək elektrik stansiyasının tikilməsi və onun vasitəsi ilə neft-qaz çıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları da dəyərləndiriləcək.

Hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır.

Saziş SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Technip Italy S.p.A. şirkəti İdarə Heyətinin sədri Marco Villa tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti deyib: “Enerji effektivliyinin artırılması bir çox enerji şirkətlərinin diqqət mərkəzindədir və SOCAR-ın strateji planlarında mühüm yer tutur. Texnologiyaların inkişaf trendlərinə uyğun olaraq, biz də artıq bu sahəyə qədəm qoyuruq. Məqsədimiz xərclərini azaltmaqla enerji effektivliyini artırmaq, SOCAR-da əməliyyatların dayanıqlığını təmin etməkdir.

Technip Energies dayanıqlı enerji sahəsində dəyərli təcrübə qazanmış bir şirkətdir. Biz indiyə qədər digər sahələrdə səmərəli əməkdaşlıq etmişik. Bu cəhətdən Technip İtaliya şirkətinin “Azərikimya” İstehsalat Birliyində neft-kimya kompleksinin modernizasiya layihəsində uğurlu fəaliyyətini xüsusi qeyd etmək olar. Ölkəmizdə yaşıl kimya, rəqəmsallaşma və dayanıqlı enerji inkişafı kimi nisbətən yeni sahələrə maraq göstərən tərəfdaş şirkət, əminəm ki, bu sahələrdə də müvəffəqiyyət qazana bilər.”

Technip Energies şirkətinin əməliyyatlar üzrə baş direktoru Marco Villa: “Yeni enerji mənbələrini inkişaf etdirməklə özünün dayanıqlı inkişaf məqsədlərinə sadiq olan SOCAR uzunmüddətli tərəfdaşımızdır və biz bu əməkdaşlıq ilə fəxr edirik. Əminəm ki, yeni sahədə əməkdaşlığımız aşağı karbonlu cəmiyyət hədəfinə daha tez nail olmağımıza xidmət edəcək.”

Xatırladaq ki, Technip şirkəti 2016-cı ildə SOCAR-ın “Azərikimya” İB-nin modernizasiya layihəsi çərçivəsində başladığı fəaliyyətini bu il uğurla tamamlamışdır. 60 ildən çox təcrübəsi olan Technip Energies şirkəti dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin ümumilikdə 15 min əməkdaşı var. Şirkət LNG (mayeləşdirilmiş qaz), hidrogen istehsalı, dayanıqlı (yaşıl) kimya, bioyanacaq, dekarbonizasiya və digər sahələrdə mühəndislik və tikinti xidmətlərini həyata keçirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *