Energetika Nazirliyinin və Masdar şirkətinin dəstəyi, Nazirlik yanında İctimai şuranın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına tələbələrin maarifləndirici səfəri təşkil edilib.
Renewables.az bu barədə nazirliyə istinadən xəbər verir.
COP29 tədbiri ərəfəsində həm tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirmək, həm də bərpa olunan enerjinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində üstünlüklərini təbliğ etmək məqsədi daşıyan səfərdə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak edib.
Səfər çərçivəsində iştirakçılar günəş elektrik stansiyasının fəaliyyəti ilə yaxından tanış olublar və onlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesləri barədə ətraflı məlumat verilib. Günəş enerjisi texnologiyalarının spesifik xüsusiyyətləri və istifadə olunan avadanlıqlar, habelə yaşıl enerji istehsalı müəssisələrinin texniki, iqtisadi, ekoloji və sosial aspektləri tələbələrə izah edilib. Bununla yanaşı, tələbələrin sualları cavablandırılıb və onların marağına səbəb olan mövzular üzərində geniş müzakirələr aparılıb.
Rəylər (0):