Xocalı şəhərində "Smartflower" günəş enerjisi qurğusu quraşdırılıb

image

"A-Z Czech Engineering" şirkəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə işğaldan azad edilmiş Xocalı şəhərində "Smartflower" günəş enerjisi qurğusu quraşdırıb.

Renewables.az-a "A-Z Czech Engineering" şirkətindən verilən məlumata görə, qurğu 2,5 kVt gücə malikdir və illik 6500 kVt-saat yaşıl enerji istehsal edir.

Qurğu səhər günəbaxan çiçəyi kimi panellərini açır və gün ərzində günəşi izləyir. Buna görə də, qurğunun günəş panellərinin səmərəliliyi adi günəş elektrik stansiyalarından 40 % yüksəkdir.

Sistem həmçinin elektrik şəbəkəsini enerji ilə təmin edə yaxud gecə saatlarında evin elektrik tələbatını ödəmək üçün enerjini batareyaya toplaya bilir. Güclü külək zamanı və gecə saatlarında "Smartflower" avtomatik şəkildə bağlanır, həmçinin gün ərzində özü özünü təmizləyir. Qurğunu uzaqdan idarə etmək və hasil olunan enerjinin həcmini real vaxt rejimində yoxlamaq mümkündür. 

Enerji istehsalı ilə yanaşı, bu qurğu elektrik avtomobilləri, velosipedlər və skuterlər üçün enerji doldurma stansiyası kimi də xidmət edəcək.

Məlumatda qeyd olunub ki, Azərbaycan COP29 iqlim konfransına ev sahibliyi edir və iqlim dəyişikliyinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması üçün yaşıl enerji istehsalı sahəsində texnologiyaları uğurla tətbiq edir. "Smartflower" davamlı və yaşıl gələcəyə töhfə verən ən ağıllı və qabaqcıl texnologiyadır. COP29 iqlim konfransı ilə əlaqədar olaraq "Smartflower" Azərbaycanın texnoloji yetkinliyini simvolizə edəcək və COP29 konfransına gələn insanlar və nümayəndə heyətləri tərəfindən çox müsbət qarşılanacaq.

Qeyd edək ki, "A-Z Czech Engineering" şirkəti bərpa olunan enerji mənbələri və buna bənzər digər layihələrin reallaşdırılması məqsədi ilə 2023-cü ildə yaradılıb və KOBİA, eləcə də Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlığa dair müqavilə imzalayıb. ABŞ-də fəaliyyət göstərən "Smartflower Solar" şirkəti "A-Z Czech Engineering" şirkəti ilə partnyorluğa dair rəsmi müqavilə imzalayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *