“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində müvafiq tədbirlərin icra vəziyyətinə dair “Yaşıl enerji məkanı” İşçi qrupunun növbəti iclası keçirilib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Energetika nazirinin müavini Elnur Soltanovun sədrliyi ilə keçirilən iclasda Strategiya sənədində “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri və hədəflərlə bağlı yerinə yetirilmiş işlər barədə məlumat verilib.
Paylayıcı şəbəkədə elektrik təchizatının yaxşılaşdırılması, elektroenergetika sistemində müstəqil təchizatçıların fəaliyyətinin təşviq edilməsi, bərpa olunan enerji infrastrukturunun genişləndirilməsi, bu sahədə informasiya sisteminin yaradılması, hidrogenin istehsalı sahəsi, istixana effekti yaradan qazların inventarlaşdırılması, energetika sektorunda karbon tutulması, enerji səmərəliliyinin təmin edilməsi və digər tədbirlərlə bağlı İşçi qrupu üzvlərinin rəy və təklifləri dinlənilib.
İclasda Strategiya sənədi üzrə növbəti illərdə icra ediləcək tədbirlər və hədəflər, onların tam, vaxtında, effektiv və maneəsiz həlli yolları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.
Rəylər (0):