15 iyun Dünya Külək Günüdür

image

15 iyun Dünya Külək Günüdür. Bu gün "Avropa Külək Enerjisi Assosiasiyası" ("WindEurope") və "Qlobal Külək Enerjisi Birliyi" ("Global Wind Energy Council") tərəfindən təşkil edilib.

Renewables.az xatırladır ki, bu gün, külək enerjisinin gücü, onun ətraf mühitə və iqtisadiyyata faydaları, dünyanı dəyişdirmək üçün imkanları haqqında insanları məlumatlandırmaq üçün keçirilir. 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, 2023-cü ildə dünyada külək enerjisi üzrə qoyuluş gücü 116 QVt və ya 13 faiz artaraq 1 017 QVt-a çatıb. Bu da ümumi bərpa olunan enerji qoyuluş gücünün 26 faizini təşkil edir.

Külək enerjisinin qoyuluş gücünə görə, dünyada ilk beşlikdə Çin (442 QVt), ABŞ (148 QVt), Almaniya (69 QVt), Hindistan (45 QVt), İspaniya (31 QVt) dayanır. Ölkəmizdə bu yaşıl enerji növü üzrə qoyuluş gücü 67 MVt-a bərabərdir.

Azərbaycanda külək enerjisinin qoyuluş gücü 66,4 meqavatdır. Qoyuluş gücünə görə, Yeni Yaşma Külək Elektrik Parkı ən böyüyüdür - gücü 50 meqavatdır. 

Cari ilin iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ölkəmizdə “Masdar” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyulub. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının 2025-ci ildə istismara verilməsi gözlənilir.

Eyni zamanda, xarici şirkətlərlə quruda və dənizdə külək enerjisi layihələrinin icrası ilə bağlı müqavilələr imzalanıb. 

Qeyd edək ki, Azərbaycanda quruda külək enerjisinin potensialı 3 qiqavat, dənizdə külək enerjisinin texniki potensialı isə 157 qiqavat təşkil edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *