Avropa İttifaqında (Aİ) bərpa olunan enerji mənbələrinin ümumi enerji istehlakında payı 24,5 faizə yüksəlib, bu göstərici 2022-ci ilə nisbətən 1,5 faiz çoxdur (23 faiz).
Renewables.az bu barədə Aİ-nin Eurostat Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir.
Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı əvvəlki ilin 41,2 faizini üstələyərək 45,3 faizə çatıb. Bu artımda xüsusilə külək və su elektrik enerjisi mühüm rol oynayıb.
Belə ki, külək enerjisi 38,5 faiz, su elektrik enerjisi isə 28,2 faiz paya malik olub. Günəş enerjisi 20,5 faizlə ən sürətli böyüyən bərpa olunan enerji mənbəyi olub.
2023-cü ildə istilik və soyutma sektorunda bərpa olunan enerjidən istifadə 26,2 faiz təşkil edib. Qeyd edək ki, 2004-cü ildə bu göstərici 11,7 faiz olub.
Nəqliyyat sektorunda bərpa olunan enerjidən istifadə 10,8 faiz artıb. Aİ 2030-cu ilə qədər nəqliyyatda bərpa olunan enerjidən istifadəni 29 faiz olaraq hədəf qoyub.
Bərpa olunan enerjidən istifadə göstəriciləri üzv ölkələr arasında dəyişir. Bərpa olunan enerjinin ümumi enerji istehlakında payı 66,4 faizlə birinci yerdə İsveç, ikinci yerdə 50,8 faizlə Finlandiya və üçüncü yerdə 44,9 faizlə Danimarka gəlir.
Ən aşağı göstəricilər Lüksemburq (11,6 faiz), Belçika (14,7 faiz) və Maltada (15,1 faiz) müşahidə olunub.
2050-ci ilə qədər dünyanın ilk iqlim neytral qitəsi olmaq məqsədinə uyğun olaraq, Aİ 2030-cu il üçün bərpa olunan enerji hədəfini 42,5 faiz olaraq müəyyənləşdirib.
Rəylər (0):