2030-cu ilədək dünyada kömürlə işləyən elektrik stansiyalarının təqribən hamısı fotoelektrik, külək və akkumulyatorlu batareyalar ilə əvəzlənə bilər. Keçid maliyyə baxımından da sərfəli olacaq.
Renewables.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, bu fikirlər “Kömürdən bərpaolunan enerji mənbələrinə sərfəli keçid” adlı tədqiqatda deyilir. Tədqiqata əsasən, dünyada kömürlə işləyən təxminən 2500 elektrik stansiyasının 90 faizinin bağlanması təbiətin mühafizəsi işinə əhəmiyyətli fayda gətirəcək. Nəticədə enerji sektorunda atmosfer üçün zərərli olan karbon qazı tullantıları 2030-cu ilədək təqribən 25 faiz azaldıla bilər.
Tədqiqatın qiymətləndirməsinə görə, günəş və külək enerjisi ən ucuz başa gələn enerjilərdir.
Tədqiqatçılar hesab edirlər ki, kömürlə işləyən elektrik stansiyalarının əvəzlənməsi praktik olaraq dünyanın bütün ölkələrində iqtisadi baxımdan məqsədəuyğun olacaq. Məsələ ondadır ki, təxminən bütün ölkələrdə günəş və küləyin köməyi ilə elektrik enerjisi istehsalı kömürlə işləyən elektrik enerjisi ilə müqayisədə ucuz başa gəlir. Avropa İttifaqına üzv ölkələrdə indi bərpaolunan mənbələrdən 1 kilovat-saat elektrik enerjisini təqribən 3-4 sentə istehsal etmək mümkündür. Aİ ölkələrində kömürlə işləyən elektrik stansiyalarında istehsal olunan enerjinin orta qiyməti üç dəfə bahalıdır.
Çin, Hindistan kimi digər ölkələrdə kömürdən istehsal olunan enerji ucuz başa gəlir, lakin fotoelektrik sistemlərinin çıxışı da yüksəkdir, buna səbəb günəşli günlərin sayının çoxluğu və intensivlikdir. Beləliklə, kömürlə işləyən elektrik stansiyalarının bağlanması praktik olaraq hər yerdə sərfəli olardı. Xüsusilə bütün dünyada kömürlə işləyən 2500 elektrik stansiyasının təqribən 2300-ünü faydalı şəkildə əvəzləmək mümkündür.
Tədqiqatçılar tədqiq olunan 70-dən çox ölkənin demək olar ki, hamısı üçün bu qənaətə gəliblər: Çin (təxminən 1200 kömürlə işləyən elektrik stansiyası üçün), Hindistan (274), ABŞ (202), Polşa (43) və s.
COP28 Ümumdünya İqlim Sammitinin prezidenti Sultan Əhməd Əl-Cabir bütün dünya üçün 1,5 dərəcə Selsi hədəf göstəricisini qoruyub saxlamaqdan ötrü ildə 22 giqaton karbon qazının qənaətinə səsləyir.
Müəlliflərin fikrincə, qazıntı şəklində çıxarılan kömürlə işləyən elektrik stansiyalarını bərpaolunan enerji mənbələri ilə əvəz etməklə, ildə təxminən 10 giqaton karbon qazına qənaət etmək mümkün olacaq ki, bu da elektrik enerjisinin istehsalı zamanı tullantıların təxminən dörddəbirinə müvafiqdir. 30 il ərzində keçid bütün ölkələrdə təqribən 6 trilyon avro həcmində gəlir gətirəcək.
Rəylər (0):