Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Berlin Enerji Transmissiyası Dialoqunda (BETD) bildirib ki, 2023-cü il üçün Dünya Enerji Transmissiyası İcmalında qarşıya qoyulan hədəflərə yenidən baxılmalıdır.
Renewables.az Reuters-ə istinadla xəbər verir ki, baş direktor uğurlu enerji transmissiyası üzrə mövcud vəziyyətin cəsarətli addımlar və böyük investisiyalar tələb etdiyini bildirib. O əlavə edib ki, dünyada və bütün sektorlarda investisiya və hərtərəfli siyasətlər bərpa olunan mənbələri inkişaf etdirməli, həmçinin struktur dəyişiklikləri həyata keçirilməlidir.
İcmalda göstərilir ki, bərpa olunan mənbələrin qlobal miqyasda elektrik enerjisi istehsalının 40 faizini təşkil etdiyi sektorda irəliləyiş əldə edilib. Lakin qlobal istiləşmənin 1,5 Selsi səviyyəsindən aşağı saxlanılması üçün transmissiyanın həcmi 3,000 giqavatdan (GW) 2030-cu ildə 10,000 GW-dək artmalıdır ki, bu da hər il orta hesabla 1000 GW təşkil edir. Eyni zamanda, bu proses dünyanın müəyyən hissələri ilə məhdudlaşır. Çin, Avropa İttifaqı və ABŞ keçən il bu sahədə tərəqqinin üçdə ikisinə nail olmaqla inkişaf etməkdə olan ölkələri daha da geridə qoyublar.
IRENA-nın baş direktoru deyib: “Hazırda bu, ən optimal uğurdur. Qlobal enerji sistemində dərin və sistemli transformasiya 30 ildən az müddətdə baş verməlidir ki, bu da enerji keçidini sürətləndirmək üçün yeni yanaşmanın zəruriliyini vurğulayır. Qalıq yanacaq və sektoral təsirlərin azaldılması tədbirlərinin həyata keçirilməsi zəruridir, lakin bu, bərpa olunan mənbələrin üstünlük təşkil etdiyi enerji sisteminə keçmək üçün yetərli deyil. Təklif və tələb arasında mütənasiblik tənzimlənməli, tərəqqiyə mane olan struktur maneələri aradan qaldırılmalıdır. Enerji transmissiyası üç prioritet sütunu - fiziki infrastruktur, siyasət və tənzimləyici imkanlar və bütün aktorların keçid prosesində iştirak edə biləcəyi imkanlar vacibdir. Bununla yanaşı, prosesdə optimal rol oynaya biləcək əhəmiyyətli investisiyalar və yeni əməkdaşlıq yollarını tələb edən yaxşı ixtisaslı işçi qüvvəsi də mühüm amillərdir”.
İcmalda vurğulanıb ki, sözügedən sahədə investisiya ehtiyacları daha da artır və enerji keçidini prioritetləşdirmək üçün investisiyaların həcmində və növündə sistematik dəyişiklik lazımdır. Enerji transmissiyası texnologiyalarına qlobal investisiya 2022-ci ildə 1,3 trilyon ABŞ dolları həcmində yeni rekorda çatsa da, qarşıdakı dövrdə sərmayələrin illik məbləği 5 trilyon ABŞ dollarını keçməlidir. 2030-cu ilə qədər məcmu sərmayələr 44 trilyon ABŞ dolları təşkil etməlidir. Keçid texnologiyaları ümumi həcmin 80 faizini və ya 35 trilyon ABŞ dollarını təşkil etməli, habelə səmərəlilik, elektrikləşdirmə, şəbəkənin genişləndirilməsi və çevikliyə üstünlük verilməlidir. İstənilən yeni investisiya qərarları transmissiyanı sürətləndirmək və qapalı aktivlərin riskini azaltmaq üçün diqqətlə qiymətləndirilməlidir. 2050-ci ilə qədər planlaşdırılan investisiyaların təxminən 41 faizi qalıq yanacaqlara yönəldilib və bu prosesə diqqət artırılmalıdır.
Bundan əlavə, investisiyaları daha ədalətli şəkildə ölkələrə yönəltmək üçün dövlət sektorunun müdaxiləsi tələb olunur. 2022-ci ildə qlobal bərpa olunan enerji investisiyalarının 85 faizi dünya əhalisinin 50 faizindən az hissəsini əhatə edib. Afrika 2022-ci ildə əlavə gücün yalnız bir faizini təşkil edib. IRENA-nın 2023-cü ilə qədər bərpa olunan enerjinin maliyyələşdirilməsi üzrə qlobal mənzərəsi 120-yə yaxın inkişaf etməkdə olan ölkələrin nisbətən az investisiya almağa davam etdiyini təsdiqləyir.
IRENA-nın baş direktoru hesab edir ki, bərpa olunan enerji mənbələrinə qlobal transmissiya daha güclü beynəlxalq əməkdaşlıq, o cümlədən inkişaf etməkdə olan ölkələrə daha çox vəsait yönəltmək üçün kollektiv səylər tələb edir. Həmin ölkələrə dəstəyin əsaslı şəkildə dəyişməsi enerjiyə çıxışa və iqlimə uyğunlaşmaya daha çox fayda verə bilər. Bu prosesdə maliyyə institutları daha yaxşı şərtlərlə daha çox vəsaiti enerji keçidi layihələrinə yönəltməli və yeni enerji sisteminin inkişafını təmin etmək üçün lazım olan fiziki infrastruktur qurmalıdır.
Rəylər (0):