Bərpaolunan enerji mənbələri Almaniyanın hakimiyyət orqanlarının diqqət mərkəzindədir

image

Bu gün Almaniya bərpaolunan enerji mənbələrinin inkişafında və tətbiqində haqlı olaraq lider sayılır. Almaniya hərtərəfli düşünülmüş və götür-qoy edilmiş enerji siyasəti və bu sektorun inkişafının onilliklər boyu dəstəklənməsi sayəsində təmiz və bərpaolunan enerjinin təbliğində, nəzəri texnologiyaların iqtisadiyyatda praktiki tətbiqi məcrasına yönəldilməsində mühüm rol oynayır.

"Berpaolunanenerji.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bərpaolunan enerji mənbələrinə keçid alman dilində “energivende” adlanır. Federal hökumət və əyalətlərin hökumətləri, özəl sənaye, vətəndaş cəmiyyəti və əlbəttə, elm bu sahədə qarşılıqlı fəaliyyət göstərir. Qarşıya qoyulmuş hədəflərə çatmağın təxmini müddəti 2030-cu ilə müəyyən edilib. Müvafiq qanunverici baza qəbul edilib və ona yeni düzəlişlər edilir. Lakin məsələnin yeni olması nəzərə alınmaqla qarşıya qoyulmuş hədəflərə doğru irəliləmə prosesində dəqiqləşdirmə aparıla bilər.

“Enegivende” digər ölkələri bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasına ruhlandırıb. İndiyə qədər bərpaolunan enerji mənbələrinin xalq təsərrüfatında payının durmadan artması sayəsində Almaniyanın enerji sistemi xeyli dəyişib. Lakin növbəti səkkiz il həlledici olacaq, uğurlar və uğursuzluqlar müəyyən ediləcək, iqlimin qorunması və Almaniyanın ənənəvi qazıntı şəklində karbohidrogenlərdən asılılığının azaldılması sayəsində ambisiyalı uzunmüddətli məsələlərin həlli üçün aradan qaldırılmalı problemlər ölkənin hakimiyyət orqanlarına göstəriləcək.

Bu ölkənin hədəfləri doğrudan da ambisiyalıdır. Belə ki, 2030-cu ilə qədər elektrik enerjisi tədarükünün yarıdan çoxu və bütün enerjinin təqribən üçdə bir hissəsi məhz bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək. Ekspertlərin apardığı təhlillər göstərir ki, bu ölkədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün böyük potensial vardır. Lakin Almaniya bu potensialdan maksimum istifadə etmək üçün səylərini artırmalıdır. Nəqliyyat və evlərin qızdırılması məsələləri də həmin proqrama daxil edilsə, bu iki “istehlakçı” çox böyük miqdarda enerji sərf edəcək. COVID-19 ilə əlamətdar olan 2020-ci ildə Almaniya kömürün rolunun azaldılmasını, külək, günəş və bioqaz enerjisinin rolunun artırılmasını elan edib. Məhz həmin ildə bərpaolunan enerji mənbələri ölkəyə ənənəvi miqdardan daha çox elektrik enerjisi verib. Ölkədə istehsal edilmiş elektrik enerjisinin yarıdan çoxu, daha dəqiq desək 51,2 faizi bu mənbə hesabına yaranıb. Bu, böyük sıçrayış idi. Əlbəttə, COVID-in iqtisadiyyata təsiri də özünü göstərib, lakin daha vacibi odur ki, pandemiya zəiflədikcə bu meyil dəyişməyib.

Almaniyada elektrik stansiyalarının bir qismi hələ də həm daş kömürlə, həm də qonur kömürlə işləyir. Qeyd etmək lazımdır ki, AFR-də daş kömür çıxarılması 2018-ci ilin sonunda dayandırılıb. O vaxtdan daş kömür yalnız idxal edilirdi. Almaniya bazarına daş kömürün əsas tədarükçüsü Rusiya idi, özü də Rusiya bu sahədə ABŞ-ı, Avstraliyanı və Kolumbiyanı xeyli qabarlayırdı. Bütün idxalın təqribən yarısı Rusiyanın payına düşürdü. Lakin Ukraynada müharibə və Moskvanın Rusiya qazına görə ödənişin yalnız rubl ilə aparılması barədə tələbləri ilə bağlı münaqişə bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi məsələsini daha da aktuallaşdırıb.

Almaniya elektrik energetikasında kömürlə işləyən elektrik stansiyaların rolunun azaldılması ilə əlaqədar çox ehtimal ki, daş kömür alınması daha da azaldılacaq. Bu həm də qonur kömürə tələbatın azalmasına gətirib çıxaracaq. Beləliklə, nəticə etibarilə Almaniya elektrik energetikasında ən çirkli enerji daşıyıcısı kimi kömürdən istifadə edilməsindən 2038-ci ildən tez imtina edə bilər.

Keçən ilin əvvəlində qəbul edilmiş yeni qanuna əsasən, Almaniyada dizel yanacağı, benzin, mazut və təbii qazın yandırılması zamanı əmələ gələn karbon qazının hər tonuna görə 25 avro ödənilməlidir. Bu, avtomobillərə yanacaq doldurulmasının və mənzillərin qızdırılmasının bahalaşmasına gətirib çıxarıb. Atmosferə karbon qazı tullantılarına görə ödəniş tədricən artırılacaq və 2025-ci ilə qədər karbon qazının hər tonuna ödənişin məbləği 55 avroya çatdırılacaq. Bu, avtomobil həvəskarlarını elektriklə işləyən avtomobillərdən istifadəyə keçid prosesi sürətlənəcək, iqlimin qorunması məqsədilə qazıntı şəklində yanacaqdan istifadə edilməsi cəlbedici olmayacaq.

Onu qeyd etmək lazımdır ki, aparılmış sorğunun nəticələrinə görə Almaniyada ev təsərrüfatlarının 90 faizi neftdən və atom enerjisindən imtina edilməsini vacib sayır. Onların fikrincə, neft, təbii qaz və kömür kimi qazıntı yanacaq növlərindən, həmçinin atom enerjisindən bərpaolunan enerji mənbələrinə keçid zəruridir. Belə mənbələr sırasına günəş, külək və bioqaz aiddir. Lakin öz evlərinin damlarında günəş batareyaları quraşdırılması üçün konkret addımlar atan əsasən gəlir səviyyəsi yüksək olan adamlardır. Alternativ enerji mənbələrinə özəl səviyyədə keçid hələ də fərdi gəlirlə bağlı məsələdir.

Yaşıl energetika estafetində Berlin xüsusi uğur qazanıb. Bu yaxınlarda qəbul edilmiş yeni qanuna əsasən 2023-cü ildən başlayaraq Almaniya paytaxtındakı bütün yeni binaların damlarında günəş batareyaları quraşdırılmalıdır. Berlin hakimiyyət orqanlarının məqsədi paytaxtı iqlim baxımından neytral şəhərə çevirməkdir. Doğrudur, paytaxt bu ölkənin ən günəşli şəhəri deyil, lakin Berlin isti günlərdən tam həcmdə istifadə edir. Burada hər il təqribən 2300 yeni ev istifadəyə verilir. 2023-cü ildən etibarən yeni binaların hər birinin damında, habelə köhnə evlərin üzərində əlavə mərtəbələr tikildiyi hallarda həmin binaların damlarında da günəş batareyaları panelləri quraşdırılacaq.

Beləliklə, Almaniya yaşıl energetikaya keçidin sürətləndirilməsi məsələsində Avropa İttifaqının aparıcı dövlətlərindən biri imicini doğruldur. Onun təcrübəsindən həm Avropa İttifaqı üzrə qonşu dövlətlər, həm də başqa qitələrdəki ölkələr istifadə edə bilərdilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *