BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələri 2025-ci ilə qədər bərpa olunan enerjiyə keçid üçün ikiqat maliyyələşdirməni nəzərdə tutan konkret planlar təqdim etməyə çağırıb.
Renewables.az xarici KİV-ə istinadən xəbər verir ki, bu çağırışla Antonio Quterreş Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edib.
“Biz daha iddialı iqlim hədəfləri qoymalıyıq ki, ölkələr temperaturun yüksəlməsini məhdudlaşdırmaq və bu prosesə təsir etmək üçün qətiyyətlə səylərini artırsınlar. Emissiya liderləri bərpa olunan enerjiyə keçidə rəhbərlik etməlidir. İnkişaf etmiş ölkələr mümkün qədər 2040-cı ilə yaxın, inkişaf etməkdə olan ölkələr isə inkişaf etmiş ölkələrin dəstəyi ilə 2050-ci ilə yaxın sıfır emissiyalara nail olmaq öhdəliyini üzərilərinə götürməlidirlər”, - Antonio Quterreş qeyd edib.
Baş katib yanar faydalı qazıntılardan imtina etmək və bərpa olunan enerjiyə “ədalətli və bərabər keçid”ə sərmayə qoymağın vaxtının yetişdiyini vurğulayıb.
Antonio Quterreşin sözlərinə görə, inkişaf etmiş ölkələr 2025-ci il üçün iqlim keçidinə sərmayələrin ikiqat artırılması üçün aydın planlar təqdim etməli və öz öhdəliklərinə uyğun olaraq inkişaf etməkdə olan ölkələrə iqlim dəstəyi üçün ildə 100 mlrd. dollar ayırmalı və İqlim Fondunu tam maliyyələşdirməlidir.
Rəylər (0):