Çin bərpa olunan enerji sektorunda dünya liderliyinə necə yüksəlib?

image

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.

"Berpaolunanenerji.az" xəbər verir ki, AZƏRTAC mövzunun aktuallığını və “yaşıl enerji”nin tətbiqinə artan marağı nəzərə alaraq dünya ölkələrində bununla bağlı strategiyanı, görülən işləri, qazanılan təcrübəni və nailiyyətləri işıqlandıran layihəni təqdim edir. Bu silsilədən ikinci material bərpa olunan enerji sahəsində lider ölkəsinə - Çinə həsr olunur. Xüsusi müxbirimiz Çinin bərpa olunan enerji sektorunda dünya liderliyinə necə yüksəldiyi sualına cavab tapmağa çalışıb.

Dünyada əhali sayına görə birinci, iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin Xalq Respublikası bərpa olunan enerji sahəsində qısa müddətdə ciddi nailiyyətlər əldə edərək, ambisiyalı hədəflər müəyyənləşdirib. Hazırda Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır.

Ekspertlərin fikrincə, bərpa olunan enerji sektoru qazıntı və nüvə enerjisi potensialına nisbətən daha sürətlə inkişaf edir və yaxın vaxtlarda dünya üzrə bərpa olunan enerji potensialının təxminən 43 faizini məhz Çin təmin edəcək. Ötən il ölkənin bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 giqavatta çatıb ki, bu da ölkənin ümumi generasiya gücü potensialının 43,5 faizi deməkdir. Mövcud dinamikaya nəzər yetirəndə Çin hökumətinin 2030-cu ilədək günəş və külək mənbələrindən 1200 giqavatt enerji əldə etmək, habelə 2060-cı ilədək bütün enerjinin 80 faizini alternativ mənbələrdən təmin etmək hədəfinə çatacağı real görünür. Çin Dövlət Şurasının (Nazirlər Kabineti) hələ 2013-cü ildə qəbul etdiyi fəaliyyət planında ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaq niyyəti əksini tapıb.

Çin bərpa olunan enerji mənbələrini təkcə karbon emissiyasının azaldılması üçün vasitə hesab etmir. Bu məsələdə ölkənin enerji təhlükəsizliyinin təminatı da ciddi əhəmiyyət daşıyır. Ölkədə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin əsas hissəsi su elektrik stansiyalarının payına düşsə də, ildən-ilə günəş, külək və bioyanacağın xüsusi çəkisi çoxalır.

ÇXR hazırda dünyanın ən böyük külək enerjisi ehtiyatlarına malik ölkəsidir və bu təbii resursların dörddə üçü dənizdə yerləşir. 2020-ci ildə ölkədə 71,7 giqavatt gücündə külək enerjisi avadanlığı quraşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 60 faiz çoxdur. Çin külək mənbələrindən elektrik enerjisi istehsalı sahəsinə təkcə daxili deyil, xarici investisiyaların da cəlb olunması üçün təşviqedici qərarlar qəbul edib, bu istiqamətdə avadanlıq istehsalında önəmli irəliləyiş baş verib. On ildən çoxdur ki, Çin külək turbinlərinin istehsalında dünya lideridir.

Hökumətin 2009-cu ildə elan etdiyi “Qızıl günəş” stimullaşdırma planına uyğun olaraq günəş enerjisi sektorunun inkişafına böyük diqqət yönəldilməyə başlanılıb. Yerli şirkətlər bu istiqamətdə müvafiq texnologiyanın tədqiqi və istehsalında ciddi nailiyyətlər əldə ediblər. Bərpa olunan enerji avadanlığının istehsalının çoxalması, bazarın genişlənməsi sayəsində Çində bu texnologiyanın qiymətinin getdikcə aşağı düşməsi müşahidə olunub. 2005-2014-cü illər arasında günəş panelləri istehsalı 100 dəfə çoxalıb. Ötən il isə fotovoltaik məhsulların ixracı əvvəlki illə müqayisədə 60 faiz artaraq 28,4 milyard ABŞ dollarına çatıb. Təkcə bu rəqəmlərə nəzər salmaqla Çinin bərpa olunan enerji texnologiyası istehsalındakı sürətli sıçrayışını görmək olar.

Çin bioyanacaq mənbələrdən istehsal olunan enerji sektorunda da davamlı iş aparır. Ölkənin 11-ci beşillik (2006-2010-cu illər) üçün inkişaf planında ildə 6 meqaton etanol istehsalı potensialının artırılması və bu rəqəmin 2020-ci ilədək 15 meqatona çatdırılması hədəfi əksini tapmışdı. İlk addım ildə 16,6 meqavatt elektrik enerjisi istehsal etmək gücündə olan “Kaiyou yaşıl enerji” istehsalı müəssisənin istifadəyə verilməsi ilə atılıb.

Statistikaya görə, 2017-ci ildə bütün dünyada bərpa olunan enerji sektoruna yatırılan investisiyaların məbləği 280 milyard ABŞ dolları təşkil etmişdisə, bunun 126,6 milyardı (45 faiz) Çinin payına düşüb. Ölkə elə o vaxtdan bərpa olunan enerji sahəsindəki investisiya, istehsal və istehlak üzrə dünya liderinə çevrilib.

Çinin bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı böyük hədəfləri var və bu, ölkənin sahib olduğu mənbələr, texnologiyalar, investisiyalar hesabına mümkün görünür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *