Hindistan dünyanın ən böyük bərpa olunan enerji layihəsinin tikintisinə başlayır

image

Hindistanın kömür milyarderinə məxsus "Adani Green Energy" şirkəti ölkənin Qucarat əyalətindəki heç bir bitki və canlı aləmi olmayan boş ərazilərdə dünyanın ən böyük təmiz enerji stansiyasının tikintisinə başlayır.

Renewables.az-ın "Interesting Engineering" portalına istinadən xəbərinə görə, 5 il ərzində hazır olacaq stansiya Parisdən 5 dəfə böyük və İsveçrə əhalisinin enerji tələbatını ödəyəcək qədər nəhəng olacaq.

Kosmosdan belə görünəcək dünyanın ən böyük bərpa olunan enerji layihəsinin hazırlıq mərhələsi başa çatıb, artıq tikinti mərhələsindədir.

Nəhəng bərpa olunan enerji parkı - "Xavda Bərpa Olunan Enerji Stansiyası" (Khavda Renewable Energy Plant (KREP) 500 kvadrat kilometr ərazini əhatə edəcək və burada külək və günəş enerjisi texnologiyaları tətbiq olunacaq.

Ötən ay enerji istehsalına başlayan stansiyanın hazırda qoyuluş gücü 551 MVt təşkil edir və layihə tamamlandıqda 30 QVt enerji istehsal ediləcək. 

KREP 2030-cu ilə qədər proqnozlaşdırılan bərpa olunan enerji təchizatının 9 faizini qarşılayacaq və 16 milyon evi təmiz enerji ilə təmin edəcək. Layihənin dəyəri 20 milyard dollar hesablanır. Hindistanın istehsal etdiyi elektrik enerjisinin 70 faizi hələ də kömürün payına düşsə də, yeni yaşıl layihələrlə bu göstəricinin azalacağı gözlənilir.

Hindistanın 2070-ci ilə qədər xalis sıfır emissiyaya çatmaq məqsədi olsa da, bu onilliyin sonuna qədər ölkənin enerji tələbatının 50 faizini bərpa olunan enerji mənbələrindən qarşılamağı planlaşdırır. Hindistan bu hədəfə nail olmaq üçün 6 il ərzində 500 qiqavat bərpa olunan enerji gücü yaratmalıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *