BƏƏ-nin təmiz enerji şirkəti Masdar (Abu Dhabi Future Energy Company) Malayziyada 10 QVt-a qədər bərpa olunan enerji layihələri icra edəcək.
Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, bu barədə Masdar və Malayziyanın İnvestisiyaların İnkişafı İdarəsi (MIDA) razılığa gəlib.
COP 28 çərçivəsində tərəflər arasında, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Malayziyanın Kralı Əl-Sultan Abdullah Sultan Əhməd Şahın iştirakı ilə imzalanma mərasimi baş tutub. Bununla ümumi gücü 10 QVt-a qədər olan quruda, damüstü və üzən günəş enerjisi layihələri, quruda külək elektrik stansiyaları və enerji saxlanc sistemi layihələri icra ediləcək.
Tərəflər arasında Malayziyada Citaglobal Berhad & Tiza Global şirkətləri ilə 2 QVt gücündə günəş elektrik stansiyalarının inkişaf etdirilməsi ilə bağlı razılaşma, Tadau Energy və PSK şirkətləri ilə 2 QVt gücündə külək elektrik stansiyaları ilə bağlı əməkdaşlıq müqaviləsi, Cypark Resources Berhad ilə birlikdə 1 QVt-a qədər bərpa olunan enerji layihələri ilə bağlı Strateji Anlaşma Memorandumu, Malakoff ilə 1 QVt-a qədər hədəflənmiş ümumi gücü olan günəş fotovoltaik enerji layihələrinin inkişafı ilə bağlı müqavilə, Citaglobal Berhad və TNB Renewables ilə birgə 2 QVt bərpa olunan enerji layihələrinin inkişafı üçün Anlaşma Memorandumu olmaqla 5 müqavilə imzalanıb.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.
Rəylər (0):