Masdar İraqla günəş layihələrinin inkişafı ilə bağlı strateji anlaşma imzaladı

image

Azərbaycanla 230 MVt gücündə günəş enerji layihəsi üzrə müqavilələr imzalayan Masdar, İraqda günəş layihələrinin inkişafı ilə bağlı strateji anlaşma müqaviləsi imzalayıb.

"Berpaolunanenerji.az" "Masdar"a istinadən xəbər verir ki, BƏƏ şirkəti, İraqın Milli İnvestisiya Komissiyası ilə ümumi gücü 2 QVt olacaq günəş layihələrinin inkişafı ilə bağlı strateji müqavilə imzalayıb.

İmzalama mərasimində Masdar şirkətinin baş icraçı direktoru Muhəmməd Cəmil Əl-Ramahi, İraq elektrik naziri Məcid Hantoş və İraq Milli İnvestisiya Komissiyasının prezidenti Suha Davud Əl-Nacar iştirak ediblər. Tədbirdə həmçinin İraqın neft naziri İhsan Əbdül Cabbar, BƏƏ-nin energetika naziri Suhail Əl-Mazrou və BƏƏ xarici ticarət naziri Thani Əl-Zeyidi də iştirak edənlər arasında olub.

"Masdar"ın baş icraçı direktoru Muhəmməd Cəmil Əl-Ramahi: "Bu anlaşma, hökumətin iqlim hədəflərinə çatmasına kömək edəcək və təmiz enerji həllərinin inkişaf yolunu müəyyən edəcək. İraq hökumətini təmiz enerji yolunda dəstəkləməkdən qürur duyuruq".

İraq Milli İnvestisiya Komissiyasının prezidenti Suha Davud Əl-Nacar bildirib ki, layihə Orta Şərqdəki ən böyük günəş layihələrindən biridir və bu layihə İraqın 2021-2030 davamlı keçid planına giriş edir.

BƏƏ-nin energetika naziri Suhail Əl-Mazrou ölkəsinin İraqla davamlı enerji mənbələrini inkişaf etdirmək üçün birlikdə işləməyə qərarlı olduqlarını qeyd edib.

İraqın neft naziri İhsan Əbdül Cabbar ilin əvvəlində verdiyi açıqlamada, 2030-cu ildə günəş enerjisinin qoyuluş gücünü 10 QVt-a və bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının ümumi istehsalın 20-30 %-ə çatdırmağı hədəflədiklərini bildirmişdi.

Qeyd edək ki, aprel ayında İraqla Fransanın "Total" şirkəti arasında qoyuluş gücü 1 QVt olacaq günəş layihəsinə sərmayə qoyulması ilə bağlı müqavilə imzalanmışdı.

Masdar şirkəti dünyanın 30-dan çox ölkəsində, ümumi dəyəri 20 milyard ABŞ dolları aşan, 11 QVt-lıq istehsal gücü olan təmiz enerji layihələri ilə fəaliyyət göstərir.


 

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *