Mayın 3-ü Beynəlxalq Günəş Günüdür

image

Bu gün Beynəlxalq Günəş Günü kimi qeyd olunur.

Renewables.az xatırladır ki, dünyada bərpa olunan enerji mənbələrindən istifadəyə insanları təşviq etmək və ekoloji cəhətdən faydalı günəş enerjisindən yararlanmaq məqsədi ilə təsis edilmiş bu günün tarixi 1970-ci illərə təsadüf edir.

Yerə ən yaxın ulduz olan Günəş planetimiz üçün nəhəng kosmik enerji mənbəyidir. O, bitki və heyvanat aləmi üçün işıq və istilik verir, Yerin atmosferi üçün vacib keyfiyyətləri formalaşdırır. Ümumən Günəş planetin ekologiyasını müəyyən edir. Günəş həm də nəhəng təmiz və yaşıl enerji mənbəyidir.

Müasir dünyada günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş şüasından elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa olunan enerji statistikası 2024" hesabatına əsasən, 2023-cü ildə dünyada bu mənbə üzrə qoyuluş gücü 346 QVt və ya 32,2 faiz artaraq 1 419 QVt-a çatıb. Bu da ümumi bərpa olunan enerji qoyuluş gücünün 37 faizini təşkil edir.

Günəş enerjisinin qoyuluş gücünə görə Çin 610 QVt nəticə ilə öndədir. Çinin ardınca ilk beşlikdə ABŞ (139 QVt), Yaponiya (87 QVt), Almaniya (82 QVt), Hindistan (73 QVt) yer alır.

Azərbaycanda günəş enerjisi üzrə iqtisadi potensial 23 000 MVt həcmindədir. Ölkəmizdə günəş enerjisi üzrə qoyuluş gücü 281,9 MVt təşkil edir. 2023-cü ilin 26 oktyabr tarixində Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ GES istismara verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *