OPEC-in baş katibi: Təşkilata üzv ölkələr yaşıl enerji istehsalına daha çox sərmayə qoyur

image

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam al-Qais bildirib ki, yaxın gələcəkdə texnoloji innovasiyalar istixana qazı emissiyalarının azaldılmasında mühüm rol oynayacaq.

Renewables.az KUNA agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 30-cu Yaxın Şərq Neft və Qaz konfransında çıxış edən baş katib təşkilata üzv ölkələrin hidrogen layihələrinə, karbon tutma və saxlama obyektlərinə və dairəvi karbon iqtisadiyyatına böyük sərmayə qoyduğunu diqqətə çatdırıb. O əlavə edib: “BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilin əvvəlində 2023-cü ilin “Davamlı inkişaf ili” olacağını açıqlamışdı. Bu, BƏƏ-nin müasir çağırışları həll etmək üçün davamlı təcrübələrə və beynəlxalq əməkdaşlığa uzunmüddətli sadiqliyini əks etdirir. “Davamlılıq ili”nin kulminasiya nöqtəsi bu ilin noyabrında Dubayda keçiriləcək COP28- iqlim sammitidir. Bu, OPEC üçün böyük qürur anıdır”.

OPEC-in baş katibi vurğulayıb: “Təcili investisiya ehtiyacına baxmayaraq, biz bəzi dairələrdən karbohidrogen resurslarından imtina etmək istiqamətində ürəkaçan çağırışlar eşitdik. OPEC neft sənayesinə investisiyaların azalmasının çox real və təhlükəli nəticələrini bəyan edib. Reallıq ondan ibarətdir ki, neft və qaz yaxın gələcəkdə enerji təchizatının tərkib hissəsi olmaqda davam edəcək. Qlobal neft sektorunun 2045-ci ilə qədər 12,1 trilyon dollar həcmində investisiyaya ehtiyacı olacaq ki, bu da ildə təxminən 500 milyard dollar deməkdir”.

Neftin 2045-ci ildə ümumi enerji tələbatının təxminən 30 faizini təşkil edəcəyini diqqətə çatdıran al-Qais bildirib ki, həmin dövrdə qlobal iqtisadiyyatın bugünkü həcminin iki dəfə artacağı gözlənilir. Onun sözlərinə görə, 2045-ci ilə qədər dünya əhalisinin 1,6 milyard nəfər artacağı amili də enerji tələbatını yüksək həddə çatdıracaq. Belə ki, sürətlə davam edən qlobal iqtisadi və demoqrafik dəyişikliklər nəticəsində enerji tələbatının əhəmiyyətli dərəcədə - 23 faiz artacağı proqnozlaşdırılır. Tələbin belə sürətlə artması isə adekvat investisiya tələb edir.

OPEC-in baş katibi, həmçinin enerji sektoruna investisiyaların təxminən 4-5 faiz azalması barədə xəbərdarlıq edib. O vurğulayıb: “OPEC hesab edir ki, qarşımızda duran çağırışlar fonunda neft-qaz sektorunda dəqiq hesablamalar aparılmalıdır. Söhbət istixana qazlarının emissiyasının azaldılmasından gedir və bir enerji növünün digəri ilə əvəz edilməsi düşünülmüş şəkildə həyata keçirilməlidir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *