Tarixdə ilk dəfə enerji həssaslığı reytinqi açıqlanıb

image

Bu ildən etibarən tarixdə ilk dəfə olaraq, tədqiqatlarda istifadə məqsədilə "Qlobal enerji həssaslığı indeksi" dövriyyəyə daxil edilib.

Renewables.az "AZƏRTAC"a istinadla xəbər verir ki, onun məqsədi enerji sarsıntılarının beynəlxalq riskinin araşdırılmasından ibarətdir. Tədqiqat obyekti kimi dünyanın 100 ölkəsindən əldə edilən məlumatlardan istifadə olunub.

Macarıstanın "Budapest Business Journal" nəşri tarixdə ilk dəfə tərtib olunan reytinq cədvəlini araşdıraraq, oktyabrın 9-da nəşr olunan redaksiya məqaləsində Macarıstanın tədqiq edilən ölkələrin siyahısının ortasında yer aldığını qeyd edib.

Tədqiqat müəllifləri əmindirlər ki, bu və ya digər ölkənin və ya bölgənin enerji sarsıntılarına qarşı həssaslığının başa düşülməsi biznes strategiyasında əsas rol oynayır və enerji mənbələrinin tapılması üçün optimal axtarış planı hazırlamağa imkan yaradır, eyni zamanda, investisiya üçün boşluqları müəyyənləşdirməyə kömək edir. Ümumiyyətlə, idxaldan çox asılı olan, bərpa olunan enerjini az miqdarda tətbiq edən, aşağı enerji səmərəliliyinə malik və iqtisadi baxımdan qeyri-sabit olan iqtisadiyyatlar enerji risklərinə daha həssasdır.

Norveç, Kanada, Avstraliya və Amerika Birləşmiş Ştatları özünü enerji ilə təmin etmənin yüksək səviyyəsi, enerji ehtiyatlarının bolluğu, enerji tarazlığının müxtəlifliyi və yüksək iqtisadi dayanıqlığı sayəsində indeks siyahısında ən üst sıralarda yer alır. Yuxarıda qeyd edildiyi kimi, Macarıstan siyahının demək olar ki, ortasında yer alır - bu ölkə tədqiq edilən 100 ölkə arasında 55-cidir. Ancaq Macarıstan başqa bir göstəriciyə - iqtisadi sabitliyə görə yüksək əmsala malik olsa da, enerji ilə özünü təmin etmə kateqoriyasında bu rəqəm elə də qənaətbəxş deyil.

Belarus və Livan enerji resurslarının çatışmazlığı, aşağı enerji səmərəliliyi və iqtisadi qeyri-müəyyənlik səbəbindən bu reytinqdə aşağı yerləri tuturlar.

İndeks cədvəli ilə birlikdə yayımlanan press-relizdə qeyd olunur ki, Avropa ölkələri iqtisadi dayanıqlıq baxımından daha yaxşı statusa malik olsalar da, onların idxaldan güclü asılılığı enerji həssaslığı risklərini artırır. Avropa ölkələrinin bir çoxu bərpa olunan enerji mənbələrinin tətbiq edilmə səviyyəsinin artan faizinə və investisiya əlyetərliyinə görə hava ilə əlaqədar risklərə daha yaxşı uyğunlaşsalar da, bölgənin enerji idxalından yüksək dərəcədə asılılığı onun enerji sarsıntılarına məruz qalması ehtimalını artırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *