Türkiyə və BƏƏ enerji sahəsində əməkdaşlığı gücləndirir.
Renewables.az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.
Müqavilələrin 28-29 milyard dolları enerji sahəsinə aid olub. Bu çərçivədə neft, təbii qaz, nüvə enerjisi, bərpa olunan enerji, bioyanacaq kimi mövzularda əməkdaşlıq imkanları araşdırılıb.
Bu çərçivədə qarşıdakı dövrdə Türkiyədə dənizdə külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına və hidrogen istehsalına investisiyalar həyata keçiriləcək. Türkiyənin yeniləşdirmək və potensialını genişləndirmək istədiyi istilik elektrik stansiyaları da müqavilələrdəki maddələr arasındadır.
Razılaşmalar çərçivəsində BƏƏ ya Türkiyədəki sərmayələrlə ortaq olacaq, ya da layihəni birbaşa maliyyələşdirəcək və ya texniki infrastrukturu ilə əvvəldən axıra qədər layihəni özü üzərinə götürəcək. Eyni zamanda da Türkiyə bütün razılaşmalar çərçivəsində həyata keçiriləcək layihələrə, fərqli dərəcələrlə “yerlilik” şərti qoyub.
40 qiqavatdan çox dəniz külək enerjisi potensialına sahib olduğu bilinən Türkiyənin günəş enerjisi tutumunun 2035-ci ilə qədər təxminən 52,9 qiqavata çatacağı və günəş enerjisinin ən yüksək quraşdırılmış gücə malik mənbəyi olacağı gözlənilir.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin 2023-cü ilin yanvar ayında dərc etdiyi Milli Hidrogen Strategiyasına əsasən, Türkiyə 2030-cu ilə qədər 2 QVt, 2035-ci ilə qədər 5 QVt və 2053-cü ilə qədər 70 QVt hidrogen istehsal gücü qurmağı hədəfləyir.
Rəylər (0):