Ukraynanın energetika naziri ölkədəki infrastrukturun yarısının zədələndiyini açıqlayıb

image

2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək ölkədə mühüm infrastruktur obyektlərinə 271 zərbə qeydə alınıb.

Renewables.az “Report”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşşenko telemarafonun yayımında deyib.

Nazir bildirib ki, bütün enerji sisteminin yarısı, o cümlədən istehsal və ötürücü sistem zədələnib.

“Təəssüf ki, elə obyektlər var ki, onları tamamilə dağıdıb və bərpa etmək mümkün deyil”, - Qaluşşenko vurğulayıb.

O əlavə edib ki, hazırda qurum ölkə tarixində ən böyük təmir kampaniyasını aparır.

“Çünki dağıntıların həcmi böyükdür və qarşımızda növbəti istilik mövsümünə qədər mümkün qədər bərpa etmək vəzifəmiz var”, - nazir açıqlayıb.

Dünya Bankı Ukraynanın energetika sənayesinin itkilərini 11 milyard dollar dəyərində qiymətləndirib. Eyni zamanda German Qaluşşenko bu rəqəmin “günbəgün artdığına” diqqət çəkib.

“Sürətlə işləyən qurğuların və yarımstansiyaların bərpası vacibdir. Bərpa hərbi riskləri nəzərə alaraq və infrastruktur obyektlərini qorumaqla etibarlı elektrik enerjisi istehsalını təmin etmək üçün müasir texnologiyalardan istifadə etməklə aparılmalıdır”, - o deyib.

Xatırladaq ki, ötən il oktyabrın 10-dan bəri Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə hücum edir. Nəticədə Ukrayna elektrik enerjisinin verilməsində fasilələrlə üzləşib. Elektrik enerjisi sənayesinə dəymiş ziyan təqribən 6,5 milyard dollar, atom elektrik stansiyalarına isə təxminən 770 milyon dollardır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *