Avropa Şimal dənizində külək enerjisinin inkişafı ilə bağlı 1 trilyon avroluq investisiya sənədi imzalayıb

DÜNYA
KÜLƏK

image

Almaniyanın Hamburq şəhərində keçirilən Şimal Dənizi Sammitində Avropanın 9 ölkəsinin dövlət və hökumət başçıları, eləcə də enerji nazirləri dəniz külək enerjisinin sürətlə inkişafı məqsədilə “Şimal Dənizi üzrə Dəniz Külək Enerjisi İnvestisiya Paktı”nı imzalayıblar.

Avropa Külək Enerjisi Birliyinin (WindEurope) məlumatına görə, 100 GVt gücündə dəniz külək enerjisi gücü yaratmaq məqsədilə 1 trilyon avro investisiya yatırılacaq.

Belə ki, hökumətlər 2031–2040-cı illərdə hər il 15 GVt dəniz külək enerjisi gücünün istifadəyə verilməsinə və layihələr üzrə investisiya risklərinin azaldılmasına öhdəlik götürüb. Sənaye nümayəndələri isə xərclərin azaldılması, yeni iş yerlərinin yaradılması və genişmiqyaslı iqtisadi fəaliyyətin formalaşdırılmasını vəd ediblər.

Sammitdə Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, Lüksemburq, Niderland, Norveç və Böyük Britaniyanın nümayəndə heyətləri iştirak edib. Tərəflər 2050-ci ilə qədər Şimal dənizində 300 GVt dəniz külək enerjisi gücünün qurulması hədəfini bir daha təsdiqləyiblər.

Avropanın dəniz külək enerjisi sənayesi isə 2040-cı ilə qədər xərcləri 2025-ci il səviyyəsi ilə müqayisədə 30 % azaltmağı, 91 min yeni iş yeri yaratmağı və ümumilikdə 1 trilyon avro həcmində iqtisadi fəaliyyətin formalaşdırılmasını öhdəsinə götürüb. Bundan əlavə, dəyər zəncirinə 9,5 milyard avro investisiya planlaşdırılır.

Ötürücü sistem operatorları Şimal dənizində sərhədlərarası və hibrid dəniz layihələri üzrə əməkdaşlığı genişləndirəcək, 2030-cu illər üçün 20 GVt gücündə perspektivli layihələrin müəyyənləşdirilməsini hədəfləyir.

Hazırda Avropada dəniz külək enerjisi sahəsində 37 GVt güc quraşdırılıb və bu, 13 ölkədə fəaliyyət göstərən 6 mindən çox turbin hesabına təmin olunur.



OXŞAR XƏBƏRLƏR