Vatikan elektrik enerjisinə olan tələbatını tam qarşılamaq üçün İtaliyanın paytaxtı Romanın şimal-qərbində yerləşən Santa Maria di Galeria ərazisində təxminən 100 milyon avro dəyərində aqrovoltaik enerji layihəsi həyata keçirməyi planlaşdırır.
Renewables.az Reuters-ə istinadən xəbər verir ki, layihənin 80–90 MVt gücündə olması və təxminən 18–24 ay ərzində tamamlanması gözlənilir. Layihə üçün icazə və inzibati prosedurların da bu müddətə daxil olduğu bildirilir.
Layihə çərçivəsində günəş panelləri yer səviyyəsindən bir neçə metr hündürlükdə quraşdırılacaq. Beləliklə, panellərin altında kənd təsərrüfatı fəaliyyəti davam etdiriləcək. Panellərin yaratdığı kölgənin isə suyun buxarlanmasını azaltması və bitkiləri ekstremal hava şəraitindən qoruması nəzərdə tutulur.
Günəş panellərinin təxminən 200 hektar ərazini əhatə edəcəyi gözlənilir. İstehsal olunan elektrik enerjisi ilk növbədə Vatikan Radionun ötürücü stansiyasının enerji təminatına və Vatikanın enerji baxımından özünütəminatına xidmət edəcək.
Artıq elektrik enerjisinin isə İtaliyaya verilməsi planlaşdırılır. İstehsal olunan enerjinin Romadakı Bambino Gesù xəstəxanası kimi Müqəddəs Taxt-Tacla əlaqəli obyektlərdə də istifadə edilə biləcəyi bildirilir.
Layihə üzrə müqavilələrin tenderə çıxarılması yaxın həftələrdə gözlənilir.