İspaniya günəş və külək enerjisinin genişmiqyaslı inkişafı nəticəsində 2011–2024-cü illər ərzində təbii qaz idxalına çəkiləcək xərclərə təxminən 26 milyard ABŞ dolları qənaət edib.
Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabrın 5-də dərc etdiyi hesabatda bildirilir.
Agentliyin qiymətləndirməsinə görə, bərpa olunan enerji güclərinin genişləndirilməsi baş verməsəydi, İspaniyanın elektrik enerjisi istehsalı üçün təbii qaz idxalına ehtiyacı 2024-cü ildə təxminən 40 faiz daha yüksək olardı.
Hesabatda qeyd olunur ki, 2015–2025-ci illərdə İspaniyanın elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 35 faizdən 56 faizə yüksəlib. Eyni dövrdə istixana qazı emissiyaları təxminən 20 faiz azalıb.
IEA-nın məlumatına əsasən, bərpa olunan enerji mənbələrinin inkişafı İspaniyanın idxal olunan yanacaqlardan asılılığını azaltmaqla yanaşı, elektrik enerjisinin topdansatış qiymətlərinin aşağı düşməsinə və ölkənin enerji təhlükəsizliyinin güclənməsinə də töhfə verib.
Bununla belə, 2024-cü ildə İspaniyanın ümumi enerji istehlakının təxminən 70 faizi idxal hesabına təmin edilib. Agentlik bu göstəricinin azaldılması üçün nəqliyyat, binalar və sənaye sektorlarında elektrikləşdirmənin sürətləndirilməsini vacib hesab edir.
Hazırda elektrik enerjisi İspaniyanın son enerji istehlakının yalnız 25 faizini təşkil edir. Ölkə 2030-cu ilədək bu göstəricini 35 faizə çatdırmağı hədəfləyir.
IEA həmçinin elektrik şəbəkələrinin modernləşdirilməsini, enerji saxlama sistemlərinin genişləndirilməsini və enerji sisteminin çevikliyinin artırılmasını tövsiyə edir.