NASA astronavtları Beynəlxalq Kosmik Stansiyanın günəş enerjisi sistemini yeniləyirlər

29 Oktyabr 2026, 22:29 (UTC+4)
DÜNYA • GÜNƏŞ
EDITOR
image
Foto: NASA

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyanın (BKS) elektrik enerjisi təchizatı sisteminin modernləşdirilməsi məqsədilə iki astronavtın açıq kosmosa çıxışına başlayıb.

Renewables.Az NASA-ya istinadən xəbər verir ki, oktyabrın 29-da NASA astronavtı Anil Menon və Kanada Kosmik Agentliyinin astronavtı Coşua Kutrik (Joshua Kutryk) Bakı vaxtı ilə saat 15:57-də Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxıblar.

Əməliyyatın əsas məqsədi stansiyanın elektrik enerjisi təchizatının 2A kanalına yeni açılan günəş panelinin (International Space Station Roll-Out Solar Array – IROSA) quraşdırılması və istismara hazırlanmasıdır.

NASA-nın məlumatına görə, bu, Beynəlxalq Kosmik Stansiyada quraşdırılacaq səkkiz yeni günəş panelindən yeddincisidir. Yeni panellər stansiyanın elektrik enerjisi istehsal gücünün artırılmasına və mühüm sistemlərin etibarlı enerji təchizatının təmin edilməsinə xidmət edəcək.

Açıq kosmosda aparılan işlərin altı saat yarımdan çox davam etməsi planlaşdırılır. Əməliyyat Beynəlxalq Kosmik Stansiyanın yığılması, texniki xidməti və modernləşdirilməsi məqsədilə həyata keçirilən 285-ci açıq kosmos fəaliyyətidir.

NASA-nın planına əsasən, noyabrın 5-də keçiriləcək növbəti açıq kosmos əməliyyatı zamanı səkkizinci və sonuncu IROSA günəş paneli stansiyanın 3B elektrik enerjisi kanalına quraşdırılacaq.

Ümumilikdə səkkiz yeni günəş panelinin quraşdırılması nəticəsində Beynəlxalq Kosmik Stansiyanın elektrik enerjisi istehsal gücünün 160 kVt-dan təxminən 215 kVt-a yüksəlməsi nəzərdə tutulur. Bu, mövcud göstərici ilə müqayisədə təxminən 30 faizə qədər artım deməkdir.

Yeni günəş panelləri stansiyanın elmi tədqiqatlarının və gündəlik əməliyyatlarının enerji təminatını gücləndirməklə yanaşı, gələcəkdə onun orbitdən təhlükəsiz və idarəolunan şəkildə çıxarılması prosesinə də dəstək verəcək.