Hindistan enerji saxlama infrastrukturunun inkişafına 1,53 milyard dollar ayırır

4 Noyabr 2026, 17:44 (UTC+4)
DÜNYA • ENERJİ SAXLAMA
EDITOR
image

Hindistan hökuməti ölkədə enerji saxlama sistemlərinin genişləndirilməsi məqsədilə 1,53 milyard dollar (145 milyard rupi) həcmində maliyyə proqramını təsdiqləyib.

Renewables.az "The Indian Express" nəşrinə istinadla xəbər verir ki, noyabrın 4-də Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar bərpaolunan enerji mənbələrinin daha səmərəli istifadəsini təmin etmək və elektrik şəbəkəsinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

Proqram çərçivəsində ümumilikdə 92 giqavat-saat enerji saxlama gücünün yaradılması nəzərdə tutulur. Bunun 60 giqavat-saatı nasoslu hidroakkumulyasiya stansiyalarının, 30 giqavat-saatı batareya əsaslı enerji saxlama sistemlərinin, 2 giqavat-saatı isə alternativ texnologiyaların payına düşəcək.

2026–2031-ci maliyyə illərini əhatə edəcək təşəbbüsün mövcud enerji saxlama infrastrukturunu əhəmiyyətli dərəcədə genişləndirməsi gözlənilir. Layihələrin ümumi investisiya həcminin isə təxminən 1,03 milyard ABŞ dolları olması proqnozlaşdırılır.

Yeni mexanizm günəş və külək enerjisinin istehsalında yaranan dəyişkənliyi kompensasiya etməyə, artıq elektrik enerjisini saxlamağa və tələbatın yüksəldiyi saatlarda şəbəkəyə ötürməyə imkan verəcək.

Bundan əlavə, batareya saxlama layihələrində minimum 40 % yerli komponent tələbinin tətbiqi Hindistanın daxili istehsal potensialının artırılmasına və idxaldan asılılığın azaldılmasına xidmət edəcək.