"Meta Platforms" süni intellekt sistemləri və məlumat mərkəzlərinin artan enerji tələbatını qarşılamaq məqsədilə ABŞ-də uzunmüddətli nüvə enerjisi sazişləri imzalayıb. Şirkət 20 il müddətini əhatə edən bu razılaşmalar çərçivəsində "Vistra" şirkətinin Ohayo və Pensilvaniya ştatlarında yerləşən üç nüvə elektrik stansiyasından elektrik enerjisi alacaq.
Bununla yanaşı, "Meta" "Oklo" və "TerraPower" şirkətləri ilə kiçik modul reaktorların (SMR) hazırlanması və tətbiqi üzrə strateji əməkdaşlığa başlayıb. Planlara əsasən, bu müqavilələr 2035-ci ilədək "Meta"nın enerji portfelinə ümumilikdə 6,6 giqavat güc əlavə etməyi nəzərdə tutur.
"Vistra" şirkətinin "Perry", "Davis-Besse" və "Beaver Valley" stansiyalarından əldə edilən elektrik enerjisi mövcud güclərin artırılmasına və həmin obyektlərin istismar müddətinin 2047-ci ilə qədər uzadılmasına imkan yaradacaq.
Eyni zamanda, "TerraPower" 2035-ci ilədək hər biri modul quruluşda olan 8 reaktor vasitəsilə 690 meqavat enerji istehsal etməyi, Oklo isə 2030-cu ilə qədər Ohayo ştatında 1,2 giqavat gücündə nüvə enerjisi layihəsini reallaşdırmağı planlaşdırır.
Bu addımlar "Meta"nın dayanıqlı və sabit enerji mənbələrinə keçid strategiyasının əsas tərkib hissəsi kimi qiymətləndirilir.
