Putin: Türkiyə şirkətləri 25 milyard dollarlıq “Akkuyu” AES-də pay almağa hazırdır

30 Oktyabr 2026, 14:38 (UTC+4)
REGİON • NÜVƏ ENERJİSİ
EDITOR
image
Foto: photo.summitafrica.ru

Türkiyə şirkətləri Rusiyanın investisiyaları hesabına inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyası (AES) layihəsində pay əldə etməyə hazırdır.

Renewables.Az Reuters Agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika Sammiti çərçivəsində təşkil olunan sərgiyə baxış zamanı bildirib.

Putinin sözlərinə görə, layihənin ümumi investisiya dəyəri təxminən 25 milyard dollar təşkil edir və maliyyələşdirmə tamamilə Rusiya tərəfindən həyata keçirilir.

“Biz stansiyanı tikirik, istismar edirik və onun sahibiyik. Hazırda Türkiyənin bəzi şirkətləri də bu prosesdə iştirak etmək və səhmlərin bir hissəsini almaq istəyirlər. Biz bunu müsbət qarşılayırıq”, – deyə Rusiya Prezidenti qeyd edib.

Məlumata görə, layihənin yeganə səhmdarı olan Rusiyanın “Rosatom” dövlət korporasiyası investisiya yükünü bölüşmək məqsədilə səhmlərin 49 faizədək hissəsini tərəfdaş investorlara sata bilər.

2026-cı ilin aprelində “Rosatom” Türkiyə şirkətləri ilə “Akkuyu” AES-də birgə mülkiyyətə dair danışıqlara başladığını açıqlayıb. Korporasiyanın baş direktoru Aleksey Lixaçov isə oktyabr ayında danışıqlarda irəliləyiş əldə edildiyini bildirib.

Qeyd edək ki, Türkiyənin Mersin vilayətində inşa edilən “Akkuyu” ölkənin ilk atom elektrik stansiyasıdır. Hər biri 1200 MVt gücündə dörd enerji blokundan ibarət olacaq stansiyanın ümumi quraşdırılmış gücü 4800 MVt təşkil edəcək. Layihə Rusiya və Türkiyə arasında 2010-cu ildə imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir.