Türkiyədə 2 285 MVt gücündə külək və günəş elektrik stansiyalarının tikintisini nəzərdə tutan YEKA-2026 (Yenilenebilir Enerji Kaynak Alanları - Bərpa Olunan Enerji Mənbələri Əraziləri - red.) müsabiqələri yekunlaşıb. Layihələrə ümumilikdə 1,9 milyard ABŞ dolları həcmində investisiya yatırılması gözlənilir.
Renewables.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Noyabrın 2-də keçirilən YEKA RES-2026 külək enerjisi müsabiqələri çərçivəsində Sivas, Balıkesir, Manisa və Kütahyada yerləşən 7 ərazi üzrə ümumilikdə 1 500 MVt külək enerjisi gücü investorlara ayrılıb. Müsabiqələrə 12 şirkətdən 29 müraciət daxil olub.
Nəticələrə əsasən, külək enerjisi layihələri üzrə elektrik enerjisinin müəyyən edilmiş minimum satış qiyməti 3,50 avrosent/kVts, əlavə dəyər vergisi daxil olmaqla ümumi iştirakçı töhfəsi isə 75,5 milyon avro təşkil edib.
Noyabrın 3-də keçirilən YEKA GES-2026 günəş enerjisi müsabiqələrində isə Denizli, Ankara, Konya, Kahramanmaraş, Malatya, Diyarbakır, Mardin, Batman və Elazığda yerləşən 11 ərazi üzrə 785 MVt günəş enerjisi gücü investorlara ayrılıb. Müsabiqələrə 19 şirkətdən 44 müraciət daxil olub.
Günəş enerjisi layihələri üzrə minimum elektrik satış qiyməti 3,25 avrosent/kVts, ƏDV daxil olmaqla ümumi iştirakçı töhfəsi isə 37,9 milyon avro müəyyən edilib.
Müsabiqələrin şərtlərinə əsasən, qalib şirkətlər müqavilələrin imzalanmasından sonra külək elektrik stansiyalarında istehsal olunan enerjini 72 ay, günəş elektrik stansiyalarında istehsal olunan enerjini isə 60 ay ərzində sərbəst bazarda sata biləcəklər. Daha sonra hər iki texnologiya üzrə 20 illik elektrik enerjisi alışı dövrü başlayacaq.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, layihələrin həyata keçirilməsi nəticəsində ildə 6,1 milyard kVts təmiz elektrik enerjisi istehsal ediləcək və təxminən 1,22 milyard kubmetr təbii qaz idxalının qarşısı alınacaq.