Ötən il dünyada bərpa olunan enerji mənbələrinin ümumi gücü 15 faizdən çox artıb (FOTO, VİDEO)

DÜNYA
HESABATLAR

image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) dərc etdiyi "Bərpa olunan enerji üzrə qoyuluş gücü 2026" hesabatına əsasən, 2025-ci ildə dünyada bərpa olunan enerji üzrə ümumi qoyuluş gücü 692 giqavat (GVt) artaraq 5 149 GVt-a yüksəlib. Bu, illik ifadədə 15,5 % artım deməkdir.

Hesabata görə, yeni enerji güclərinin genişlənməsində bərpa olunan mənbələr dominant mövqeyini qoruyub. 2025-ci ildə qlobal enerji gücü artımının 85,6 %-i məhz bərpa olunan enerji hesabına təmin olunub, qeyri-bərpa olunan mənbələrin payı isə daha məhdud olub.

Qeyd olunur ki, Yaxın Şərqdə artan geosiyasi gərginliklər enerji təhlükəsizliyi və fosil yanacaq qiymətlərində dəyişkənlik risklərini yenidən gündəmə gətirib. Bu şəraitdə ölkələr beynəlxalq bazar şoklarına daha az həssas olan dayanıqlı enerji sistemlərinin qurulması məqsədilə bərpa olunan enerjiyə marağı artırır. Yerli resurslara əsaslanan və daha aşağı xərcli olan bərpa olunan enerji mənbələri enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.

IRENA-nın baş direktoru Françesko La Kamera bildirib ki, qeyri-müəyyən qlobal şəraitə baxmayaraq, bərpa olunan enerji sektoru sabit inkişafını davam etdirir. Onun sözlərinə görə, daha desentralizasiya olunmuş və çoxsaylı iştirakçıların yer aldığı enerji sistemləri struktur baxımından daha dayanıqlıdır və enerji keçidinə investisiya qoyan ölkələr mövcud böhranlardan daha az iqtisadi itki ilə çıxır.

Günəş və külək enerjisi artımın əsas hissəsini təşkil edib

2025-ci ildə artımın əsas hissəsi günəş enerjisinin payına düşüb. Günəş enerjisi üzrə qoyuluş gücü 511 GVt artaraq ümumi artımın təxminən 75 %-ni təşkil edib. Külək enerjisi isə 159 GVt artımla ikinci yerdə qərarlaşıb. Beləliklə, günəş və külək enerjisi birlikdə bütün yeni bərpa olunan enerji əlavələrinin 96,8 %-ni formalaşdırıb.

Bioenerji sektoru 3,4 GVt artım və 2,3 % illik yüksəlişlə üçüncü yeri tutub.

Regionlar üzrə fərqlər qalmaqdadır

Hesabat ölkələr və regionlar arasında ciddi fərqlərin davam etdiyini göstərir:

  • Asiya yeni bərpa olunan enerji gücünün 74,2 %-ni təmin edərək liderliyini qoruyub. Regionda 513,3 GVt artım qeydə alınıb (21,6 % artım tempi).
  • Afrika tarixində ən yüksək artımı göstərərək gücünü 15,9 % və ya 11,3 GVt artırıb. Artım əsasən Efiopiya, Cənubi Afrika və Misir hesabına baş verib.
  • Yaxın Şərqdə qoyuluş gücü 28,9 % artıb və prosesə əsasən Səudiyyə Ərəbistanı liderlik edib.

Ümumi qlobal qoyuluş gücünə görə Asiya 2 891 GVt ilə birinci yerdə qərarlaşıb. Avropa isə 934 GVt göstərici ilə ikinci olub. Ən aşağı bərpa olunan enerji gücü Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində qeydə alınıb — cəmi 21 GVt.

Texnologiyalar üzrə əsas göstəricilər

  • Günəş enerjisi: 2025-ci ildə əlavə olunan 511,2 GVt günəş gücünün 510,3 GVt-ı fotovoltaik texnologiyaların payına düşüb.
  • Hidroenerji (hidro akkumulyasiya sistemi istisna olmaqla): 18,4 GVt artım qeydə alınıb, bunun 96 %-i Çin hesabına olub.
  • Külək enerjisi: güc 2024-cü illə müqayisədə 14 % artaraq rekord 158,7 GVt əlavə edib. Artımın böyük hissəsi Çində baş verib.
  • Bioenerji: ümumi güc 3,4 GVt artıb; artıma əsasən Yaponiya, Çin və Braziliya töhfə verib.
  • Geotermal enerji: qoyuluş gücü 1,7 % artaraq 0,3 GVt yüksəlib. Əsas artım Filippin və İndoneziyada qeydə alınıb.
  • Şəbəkədənkənar enerji: 1,7 GVt artıb, bunun 1,5 GVt-ı günəş enerjisinin payına düşüb.

IRENA hesabatı göstərir ki, bərpa olunan enerjinin payı aşağı olan iqtisadiyyatlar enerji təhlükəsizliyi baxımından daha həssas qalır və bu səbəbdən enerji keçidinin sürətləndirilməsi qlobal prioritet olaraq qalır.

Renewables.az


OXŞAR XƏBƏRLƏR