15-ci Bakı Yay Enerji Məktəbinə ərizə qəbulu başlayıb
15-ci Bakı Yay Enerji Məktəbi pandemiya ilə əlaqədar olaraq 5-10 iyul 2021-ci il tarixlərində onlayn şəkildə təşkil olunacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, yay məktəbində xüsusi diqqət enerji bazarlarında islahatlar və bərpaolunan enerjinin inkişafına yönəldiləcək. Yay məktəbində iştirak etmək üçün iyunun 20-nə qədər ərizə qəbuluna başlanılıb.
Bakı Yay Enerji Məktəbi, ADA Universitetinin nəzdində fəaliyyət göstərən Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzinin illik sertifikat əsaslı proqramı olub, SOCAR və BP-nin tərəfdaşlığı ilə təşkil edilir. O, qlobal və Xəzərin enerji məsələlərini qiymətləndirmək və daha yaxşı başa düşmək üçün dünyaca məşhur alimləri, akademikləri və siyasətçiləri bir araya gətirir.
2021-ci ilin proqramına görə enerjinin əsasları, enerjinin iqtisadiyyatı, bərpaolunan enerji, enerji geosiyasəti, Xəzər bölgəsinin enerjisinə baxış, Azərbaycanın enerji siyasəti üzrə sessiyalar təşkil ediləcəkdir.
Yay məktəbində dövlət, özəl və akademik institutların nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Neft Fondu, SOCAR, Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, ACWA Power, MASDAR, Georgetown Universiteti, BP Azərbaycan, Johns Hopkins Universitetinin nümayəndələri iştirak edəcəklər.
İştirak ödənişlidir. Yay məktəbinin 2021-ci il proqramı tanış olmaq və müraciət etmək üçün keçidə daxil olun.
Rəylər (0):