2022-ci ilin yanvar-dekabr ayları üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 113,2 mln. kVt-saat, yəni 4 % artaraq 28 988,5 mln. kVt-saat olub.
"Renewables.az"a Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 318,5 mln. kVt-saat artaraq 1 595,7 mln. kVt-saat təşkil edib. Digər mənbələr (KES, GES və BMTZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 mln. kVt-saat olub.
12 ay ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında 60,9 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 205,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
2022-ci il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 186,9 mln. kVt-saat (SES-lərdə 1 478,7 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 474,8 mln. kVt-saat (SES-lərdə 102,52 mln. kVt-saat, GES-də 56,41 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 264,2 mln. kVt-saat təşkil edib. İl ərzində elektrik enerjisinin idxalı 137,1 mln. kVt-saat, ixrac isə 3 003,8 mln. kVt-saat olub.
2022-ci ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 mln. kVt-saat və ya 5 % artaraq 2 724,1 mln. kVt-saat olub. Ay ərzində elektrik enerjisinin idxalı 10,7 mln. kVt-saat olmaqla 2021-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 mln. kVt-saat, ixrac isə 463 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrünə nisbətən 177,2 mln. kVt-saat artıb.
Rəylər (0):