2022-ci ilə "müsbət enerji"li baxış

image

Qlobal enerji böhranı bərpa olunan enerji mənbələrindən istifadəni aktuallaşdırır. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, bərpa olunan enerji 2025-ci ildə kömürü keçərək qlobal elektrik enerjisinin ən böyük mənbəyinə çevriləcək. Qlobal enerji böhranın yaşandığı bir vaxtda Azərbaycan yaşıl enerji sahəsində meqa layihələrə imza atır. Rusiya-Ukrayna müharibəsi dünyada enerji qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. Rusiyaya qarşı sanksiyalar nəticəsində əksər ölkələr enerji idxalını dayandırıb. Ənənəvi enerji mənbələrinin idxalının dayanması səbəbindən yaranmış böhranı aradan qaldırmaq məsələsi “yaşıl enerji” mənbələrindən istifadəni gündəmə gətirib. Məhz bu dövrdə Azərbaycan bir çox Avropa ölkələri üçün etibarlı enerji tərəfdaşına çevrilib. Ölkəmiz Avropa ölkələri ilə bərpa olunan enerji sahəsində vacib sənədlər imzalayıb. 2022-ci ilə nəzər salsaq, ötən il Azərbaycanda yaşıl enerjinin inkişafı baxımından mühüm addımlar atılıb: meqa layihələrin təməli qoyulub, bərpa olunan enerjinin qoyuluş gücü artırılıb, mühüm müqavilələr imzalanıb.

İlin əvvəlində, yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. İnvestisiya dəyəri 300 milyon ABŞ dolları olan stansiya ildə təxminən 1 milyard kilovat-saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində təxminən 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, 400 min ton karbon tullantılarının qarşısı alınacaq. Mərasim çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Martın 15-də BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək, dəyəri 225 milyon ABŞ dolları olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Tədbir zamanı həmçinin Azərbaycan bərpa olunan enerji sahəsində bir sıra əhəmiyyətli sənədlər imzalayıb. "Masdar" şirkəti ilə imzalanmış “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir. Bundan əlavə, “Masdar” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC “Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində Anlaşma Memorandumu”, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC “Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu”, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Ölkəmizdə yeni bərpa olunan enerji güclərinin yaradılması istiqamətində beynəlxalq şirkətlərlə əməkdaşlıqlar davam edib. Noyabrın 4-də Azərbaycan İnvestisiya Şirkəti ASC, Caspian HDG MMC və İspaniyanın bərpa olunan enerji sahəsində ixtisaslaşmış Elecnor şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Ötən il ölkəmizdə yaşıl enerji ilə bağlı keçirilən tədbirlərlə yadda qalıb. Azərbaycan beynəlxalq tədbirlərdə iştirak edib, qlobal arenada ölkəmizin bərpa olunan enerji siyasəti, bu sahədə görülən işlər barədə məlumat verilib. 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçirilib. İyun ayında “Bakı Enerji Həftəsi” çərçivəsində 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” sərgisi və “Bakı Enerji Forumu” keçirilib. Bakı Enerji Forumunda bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı mühüm sənədlər imzalanıb. Sahə üzrə mütəxəssis kadrların hazırlanması istiqamətində Dövlət Neft və Sənaye Universiteti və bp arasında  bərpaolunan enerji mənbələri üzrə ali təhsil proqramı haqqında saziş imzalanıb. Saziş ölkəmizdə sahə üzrə kadr potensialının inkişafı istiqamətində mühüm bir addım kimi qiymətləndirilə bilər. Bakı Enerji Forumunun ikinci günündə Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində və Energetika Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmış “Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi” təqdim olunub. Sənəd Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7.2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1.5 QVt həcmində qiymətləndirilir. Sənədə əsasən, Azərbaycanın dənizdə külək enerjisinin inkişaf potensialı dayaz sularda 35 qiqavata qədər, dərin sularda isə 122 qiqavata qədər enerji istehsal oluna bilər. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə isə, Azərbaycan 157 qiqavat potensial isə dünyada 2-ci yerdə qərarlaşıb. Bakı Enerji Forumu çərçivəsində Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusundakı xüsusi sessiyada Azərbaycan beynəlxalq təşkilatlarla bir sıra sənədlər imzayıb. Energetika Nazirliyi ilə bp arasında Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model layihə çərçivəsində Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradacaq. Şuşa sessiyasında BƏƏ-nin “Masdar” şirkəti ilə “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb. Quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri üzrə İcra Müqaviləsi çərçivəsində istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının müfəssəl araşdırılması, şəbəkənin gücləndirilməsi üzrə lazımi tədbirlərin görülməsi, həmçinin elektrik enerjisinin ixracı məqsədilə müvafiq proseslərin həyata keçirilməsi planlaşdırılır. Dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə İcra Müqaviləsi isə istehsal və ixrac məqsədli külək elektrik enerjisi güclərinin yaradılmasını, karbonsuzlaşdırma, hidogenin istehsalı və ixracı istiqamətində kompleks tədbirlərin görülməsini nəzərdə tutur. Bundan əlavə, Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın BP şirkəti ilə ölkəmizdə bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutan Əməkdaşlıq Müqaviləsi, BƏƏ-nin “Masdar” şirkəti ilə Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyan Anlaşma Memorandumu imzalanıb. Hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqi və bərpa olunan enerji mənbələrinin birgə inkişafının təmin edilməsidir.

Ötən il bir sıra sənədlərdə bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı konkret addımlar atılıb. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması fəaliyyət istiqaməti kimi müəyyən edilib. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamına əsasən, iyunun 21-də “Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ı təsdiq edilib. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı təsbit olunmuş strateji istiqamətlər üzrə vəzifələrə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonası yaradılacaq. Sənəddə nəzərdə tutulan tədbirlər hədəf göstəricilərindən biri olan "bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi"nə uyğun olaraq 2026-cı ilədək həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad edilib. Nazirlər Kabinetinin qərarı ilə enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqları ləğv edilib.

İşğaldan azad edilmiş ərazilərdə yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə təmiz enerji mənbələrinin qoyuluş gücü artırılıb. İyunda Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası, oktyabrda Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyası,  dekabrda isə "Oğuz" kiçik su elektrik stansiyaları istifadəyə verilib. Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Mayın 5-də Şərur rayonunun Zeyvə kəndində 3 meqavatlıq yeni günəş elektrik stansiyasının istifadəyə verilib ki, bununla da Şərur GES-in qoyuluş gücü 8 meqavata çatdırılıb. Bununla da, stansiyada 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da rayonun elektrik enerjisinə olan tələbatının 17 faizini təşkil edəcək. Ötən il muxtar respublikada günəş enerjisinin qoyuluş gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatıb (Bu da, MR-da enerji istehsalının 11 faizini təşkil edir). Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq oktyabrın 31-də Culfa rayonunda 300 kilovat gücündə külək elektrik stansiyası istifadəyə verilib. Qeyd etmək yerinə düşər ki, Naxçıvanda elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir.

Cari il ərzində bir sıra təşkilatlarla,  ölkələrlə imzalanmış müqavilələr ölkəmizdə bərpa olunan enerjinin inkişafına mühüm töhfə verəcək. Ötən ilin 18 iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandumda əsas istiqamət Cənub-Qaz Dəhlizinin genişləndirilməsi olsa da, Aİ və Azərbaycan arasında bərpa olunan enerjinin istehsalı və ötürülməsi potensialının inkişafı da nəzərdə tutulur. Dekabrın 17-də Azərbaycan yaşıl enerji sahəsində daha bir meqa layihəyə imza atıb. Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Layihə çərçivəsində, Qara dənizin dibi ilə ümumi gücü 1000 meqavata qədər olan 500 kilovolt sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır. Azərbaycan elektrik enerjisinin əsas təchizatçısı rolunda yaşıl enerjini Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli vasitəsilə Avropaya ixrac edəcək. Dekabrın 22-də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində ilkin olaraq “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur.

Cari ildə nəzər yetirdiyimiz görülən işlər Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafına, ölkəmizin “yaşıl enerji” ölkələri sırasında öz yerini tutmasını sürətləndirir. Prezident ilham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində qeyd edib: "Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir". Bəli, Azərbaycan yaşıl enerji ölkəsi ilə bərabər Avropanın etibarlı enerji tərəfdaşına çevrilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *