Yola saldığımız 2023-cü il Azərbaycanda bərpa olunan enerji sektoru ilə bağlı bir çox hadisələrlə yadda qalıb.
Yerli və beynəlxalq tədbirlərdə Azərbaycanın yaşıl enerji siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması bir çox ölkələrdən olan şirkətlərin marağını artırdı. İl ərzində xarici şirkətlərlə 5,9 QVt gücündə bərpa olunan enerji layihələri həmçinin Türkiyə şirkətləri ilə Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının bərpası üzrə müqavilələr imzalandı. Yeni sənədlərin təsdiqi və formalaşdırılması qanunvericilik bazasını təkmilləşdirdi. Naxçıvanda yaşıl enerji layihələrinin reallaşdırılması və ixracı məsələlərinə diqqət artırıldı. Muxtar Respublikanın yaşıl enerji zonasına çevrilməsi ilə bağlı işlərə başlanıldı və xarici şirkətlərlə 1,150 MVt gücündə günəş enerji layihələrinin tikintisi ilə bağlı müqavilələr imzalandı. Həmçinin Şərurda 3 MVt gücündə günəş elektrik stansiyası istifadəyə verildi.
Azərbaycanın ilk sənayə miqyaslı və xarici investisiyalı yaşıl enerji stansiyasının açılışı ilin ən yadda qalan hadisələrindəndir. BƏƏ-nin “Masdar” şirkəti ilə MDB və Xəzər regionunun ən böyük – 240 MVt gücündəki “Qaradağ” Günəş Elektrik Stansiyası istismara verildi. Bundan əlavə, 760 MVt gücündə günəş və 240 MVt gücündə külək enerjisi layihələrinin icrası məqsədilə İnvestisiya müqavilələri imzalandı. Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılması istiqamətində işlər davam etdirildi və bu ərazilərdə 52 MVt gücündə kiçik su elektrik stansiyaları istifadəyə verildi. Mərkəzi Asiya ölkələləri Azərbaycandan keçəcək Yaşıl Enerji Dəhlizlərinə marağını ifadə etdi və bununla bağlı Birgə Kommünike qəbul edildi.
Azərbaycan BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də ilk dəfə olaraq pavilyonla təmsil olundu və ölkənin yaşıl enerji siyasəti dünyaya təqdim edildi. Tədbirdə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə qərar qəbul olundu.
Azərbaycanın “Qlobal Geotermal Alyans”a üzv seçilməsi, ölkə üzrə üzrə "Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatının və Elektromobillik üzrə Milli Planın hazırlanması yeni istiqamətlərdə inkişafın təməlini təşkil edir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi yaşıl enerji sektorunun inkişafına və qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verəcək, ev sahibliyi edəcəyimiz yerli və beynəlxalq tədbirlərin sayını artıracaq.
Cavid Babayev
Rəylər (0):