Azərbaycanda bərpa olunan enerji sahəsində qanunvericilik bazası təkmilləşdirilir

image

Alt qanunvericilik aktlarının təsdiqi bərpa olunan enerji sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən bu sahənin inkişafı ilə əlaqədar mühüm addımdır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanan “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın təsdiqi bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşunu stimullaşdıracaq. Mövcud sahədə tənzimləyici hüquqi bazanın təkmilləşdirilməsi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcək.

Digər altqanunvericilik aktlarının – “Aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi və “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsi”, “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması”nın təsdiq edilməsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunu formalaşdıraraq tətbiqini sürətləndirəcək. Bu isə ölkədə bu sahənin daha da sürətli inkişafına səbəb olacaq.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanundan irəli gələn alt qanunvericilik aktlarından biri olan “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” Prezidentin dünən (2023-cü il, 2 avqust) imzaladığı Fərmanı ilə təsdiqlənib.
Qayda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə istehsalçı ilə bağlanılan müqavilələrin xüsusiyyət və şərtlərini, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını müəyyən edir.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində (günəş, külək və digər elektrik stansiyaları) elektrik enerjisi istehsalçısı iki üsulla - həm birbaşa, həm də hərrac yolu ilə seçilə biləcək. Belə ki, hərraclarda minimum 2 iştirakçı olmalıdır, namizədlərin sayı 2-dən az olduqda və ya hərracın iştirakçısı olmadıqda, hərrac baş tutmamış hesab ediləcək. Hərracın keçirilməsi zamanı hərrac iştirakçılarına bərabər və tamhüquqlu iştirak imkanı yaradılacaq. Hərrac auksion formasında keçirildiyi halda ən aşağı qiymət təklifi etmiş şəxs, müsabiqə formasında keçirildiyi halda isə hərrac komissiyasının rəyinə əsasən ən əlverişli şərtlər təklif etmiş şəxs hərracın qalibi sayılacaq.
Dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələrdə seçim birbaşa cəlbetmə üsulu ilə olacaq. Bunun üçün aidiyyəti qurum istehsalçı ilə birbaşa danışıqlar aparacaq və razılıq üçün dövlət başçısına müraciət edəcək. Hərrac baş tutmadıqda, elektrik enerjisi istehsalçısı birbaşa cəlbetmə üsulu ilə seçiləcək.

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini Energetika Nazirliyi həyata keçirəcək. Qaydada, Nazirliyin elektrik enerjisi istehsalçısının hərrac yolu ilə seçilməsi ilə bağlı hərrac komissiyası yaradacağı qeyd olunur. Hərrac komissiyası sədr də daxil olmaqla 11 üzvdən ibarət olacaq. Hərrac komissiyasının sədrini səlahiyyətli orqanın (Energetika Nazirliyi) rəhbəri səlahiyyətli orqanın nümayəndələri arasından təyin ediləcək. Hərrac komissiyasının tərkibi aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən formalaşdırılacaq:
- səlahiyyətli orqanın nümayəndələri – 4 nəfər;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi – 2 nəfər;
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi – 1 nəfər;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi – 1 nəfər;
- zəmanətli alıcının nümayəndəsi – 1 nəfər;
- elektrik stansiyasının qoşulduğu şəbəkədən asılı olaraq, dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisəsinin nümayəndəsi – 1 nəfər;
- bərpa olunan enerji mənbələri ərazisinin yerləşdiyi müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsi – 1 nəfər.
Hərrac komissiyası fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri də cəlb edə bilər. Komissiyanın qərarları açıq səsvermə yolu ilə üzvlərin sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda, komissiya sədrinin səsi (sonda səs verəcək) həlledici sayılacaq. Komissiyanın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab olunacaq.
Hərracın nəticəsi hərrac komissiyası və hərracın qalibi tərəfindən imzalanmış protokolla rəsmiləşdiriləcək. Nəticə ilə razı olmayan komissiya üzvləri xüsusi rəy əlavə etməklə protokolu imzalayacaqlar. Hərracda ilk 3 yeri tutmuş iştirakçılar istisna olmaqla, digər iştirakçıların təminatı hərrac başa çatandan sonra 3 iş günü ərzində geri qaytarılacaq. Hərracın qalibi ilə səlahiyyətli orqan arasında investisiya müqaviləsi hərrac başa çatandan sonra 20 iş günü ərzində imzalanacaq və hərracın qalibi müqavilə üzrə öhdəliklərin icrasına təminatı təqdim edəcək.
Hərracın qalibi müqaviləni imzalamaqdan imtina etdiyi təqdirdə, verdiyi hərrac təklifinin təminatını itirəcək, səlahiyyətli orqan hərracda ondan sonrakı yeri tutmuş iştirakçıya investisiya müqaviləsinin imzalanması təklifini göndərəcək. İnvestisiya müqaviləsi imzalandıqdan sonra 3 iş günü ərzində digər iştirakçıların təminatı geri qaytarılacaq.

Energetika Nazirliyi layihənin xüsusiyyətlərini nəzərə almaqla, onun həyata keçirilməsi ilə bağlı layihənin istismar müddəti başa çatdıqdan sonra elektrik stansiyasının utilizasiyası şərtlərini müəyyən edəcək. Qaydaya əsasən, təminat müddəti başa çatdıqdan sonra istehsalçı ilə elektrik enerjisinin alıcısı arasında münasibətlər elektroenergetika sahəsinə aid normativ hüquqi aktlarla tənzimlənir. Elektrik stansiyasının utilizasiyası səlahiyyətli orqanla istehsalçı arasında bağlanılan investisiya müqaviləsi ilə müəyyən edilmiş elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra həyata keçirilir. Utilizasiya şərtləri həmin müqavilə ilə müəyyən edilir.
Elektrik stansiyasının utilizasiyası istehsalçı tərəfindən təmin edildikdən sonra tərəflər arasında imzalanmış bütün müqavilələr üzrə öhdəliklər (müqavilələrdə nəzərdə tutulan fərqli hallar istisna olmaqla) başa çatmış hesab olunur.

Qaydaya görə, elektrik enerjisinin satınalma müqaviləsinə zəmanətli tarifin və digər ödəmələrin müəyyənləşdirildiyi valyuta və ödəniş şərtləri daxil ediləcək. Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə səlahiyyətli orqan arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.
İstehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə, zəmanətli tariflərin müəyyənləşdirilməsi zamanı investisiya xərcləri (əldə ediləcək gəlir daxil olmaqla), bərpa olunan enerji mənbələrinin potensialı və elektrik enerjisinin istehsal gücü əsasında ehtimal olunan elektrik enerjisi istehsalının həcmi, layihənin xüsusiyyətləri, quraşdırılacaq qurğuların göstəriciləri, investisiyanın geri qaytarılma müddəti nəzərə alınır.
Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı səlahiyyətli orqan zəmanətli tarifin yuxarı həddini müəyyən edir. Zəmanətli tarifin yuxarı həddi mövcud istehsalçıdan satınalma tarifindən yüksək olduğu təqdirdə, səlahiyyətli orqan İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırmaqla, zəmanətli tarifin yuxarı həddini müəyyən edir.
Hərrac iştirakçıları zəmanətli tarifin yuxarı həddi barəsində məlumatlandırılır və bu həddən yüksək təkliflər nəzərə alınmır. Elektrik enerjisi istehsalçısı birbaşa cəlbetmə yolu ilə seçildikdə, müəyyənləşdirilən zəmanətli tariflər yuxarı həddən yüksək ola bilməz.
Səlahiyyətli orqan (Energetika Nazirliyi) birbaşa cəlbetmə üsulu ilə istehsalçının seçilməsi üçün danışıqlara başlayacaq və danışıqların nəticəsinə uyğun olaraq, investisiya müqaviləsi bağlanacaq. Qanuna, bu Qaydaya və investisiya müqaviləsinə uyğun olaraq investisiya müqaviləsini imzalamış hərracın qalibi ilə zəmanətli alıcı arasında elektrik enerjisinin satınalma müqaviləsi, elektrik stansiyasının qoşulacağı şəbəkədən asılı olaraq dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında isə elektrik şəbəkəsinə qoşulma müqaviləsi bağlanılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *