ABŞ şirkəti Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək

image

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”, COP29 çərçivəsində ABŞ-nin "Schlumberger" (SLB) şirkəti ilə ölkədə geotermal enerji potensialının birgə öyrənilməsi üçün əməkdaşlıq barədə razılığa gəlib.

Renewables.az xəbər verir ki, bu barədə “SOCAR Green” "Linkedin" sosial şəbəkəsindəki hesabında məlumat dərc edib.

"COP29 kuluarlarında “SOCAR Green” və SLB Azərbaycanda geotermal enerji layihələrinin inkişafı üzrə Anlaşma Memorandumu imzalayıblar", - məlumatda bildirilib.

Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və SLB şirkətinin “New Energy” bölməsinin prezidenti Qevin Rennik imzalayıblar.

SLB-nin sosial şəbəkəsindəki məlumatında qeyd olunub ki, memorandum çərçivəsində şirkət “SOCAR Green”ə geotermal layihələrin bütün mərhələlərində hərtərəfli texniki dəstək göstərəcək.

"Qarabağ regionu geotermal enerji üçün böyük potensiala malikdir. SLB-nin “GeothermEx” məsləhət qrupu bu sahənin inkişaf istiqamətlərinin qiymətləndirilməsi üçün “SOCAR Green” ilə əməkdaşlıq edəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və ABŞ-nin “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas arasında geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) barədə fikir mübadiləsi də aparılıb.

Görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Tərəflər həmçinin yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *