ADB Azərbaycanın enerji sektoruna 1,7 milyard ABŞ dolları sərmayə qoyub

image

Asiya İnkişaf Bankının (ADB) enerji üzrə baş direktoru Priyanta Vijayatunqa (Priyantha Wijayatunga) Azərbaycanın enerji keçidi və onun genişləndirilməsi üçün strateji inkişaf prioritetlərini, o cümlədən ölkədə "yaşıl dəhliz"lərin planlaşdırılmış inkişafı, bərpa olunan enerji infrastrukturu, enerji şəbəkəsinin genişləndirilməsi və dekarbonizasiya məsələlərini müzakirə etmək üçün ölkə rəsmiləri ilə görüşüb.

Renewables.az banka istinadən xəbər verir ki, Azərbaycana səfəri zamanı P. Vijayatunqa maliyyə naziri Samir Şərifov, hökumət rəsmiləri və digər aidiyyatı qurumlarla görüşlər keçirib.

“Biz ölkənin enerji keçidini sürətləndirmək üçün hökumətin prioritetlərini yüksək qiymətləndiririk. ADB və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, ADB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulayır”,- deyə P. Vijayatunqa bildirib .

Son 25 ildə ADB Azərbaycanın enerji sektoruna 1,7 milyard ABŞ dolları sərmayə qoyub. 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payının 30 %-ə çatması, həmçinin "yaşıl dəhliz"lərin inkişafı, o cümlədən Xəzər dənizinin sualtı kabel layihəsi, elektrik ötürücü və paylayıcı şəbəkələrin gücləndirilməsi və enerjinin genişləndirilməsi kimi əsas strateji prioritetlər Azərbaycan və ADB-in gələcək tərəfdaşlığının əsasını təşkil edəcək.

Baş direktor, həmçinin ADB-nin birgə maliyyələşdirdiyi Azərbaycanda ilk bərpa olunan günəş enerjisi layihəsi kimi tanınan Ələt qəsəbəsi yaxınlığındakı “Masdar” şirkətinin 230 meqavatlıq Qaradağ günəş enerjisi stansiyasının uğurla ərsəyə gəlməsini, eləcə də gələcəkdə tamamlanacaq 1 giqavatlıq günəş və külək layihələrini müzakirə edib. O, həmçinin COP29 tədbirinin keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionunun yaxınlığında, Böyükşor gölündə 100 kVt-luq Üzən Günəş Fotovoltaik (FPV) Pilot Layihəsinin bu yaxınlarda istifadəyə verilməsi münasibətilə Energetika Nazirliyini təbrik edib.

Asiya və Sakit Okean regionunun iqlim bankı kimi ADB, həmçinin noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla, Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *