ADB: Böyükşor gölündə üzən günəş enerjisi sistemi ilə bağlı işlər yekunlaşmaq üzrədir

image

FOTO: Provitaz Alternative Energy

Azərbaycanda Böyükşor gölündə 100 kilovatlıq üzən günəş fotoelektrik qurğusu (FPV) üzrə pilot layihə çərçivəsində quraşdırma, yekun yerləşdirmə və bərkitmə üzrə işlərin 2023-cü ilin sentyabrında tamamlanması planlaşdırılır.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-in sorğusuna cavab olaraq layihənin icrasında iştirak edən Asiya İnkişaf Bankından (ADB) bildiriblər.

Layihədə ADB-nin tərəfdaşı Azərbaycanın Energetika Nazirliyidir. ADB-dən bildiriblər ki, günəş panelləri ilə üzən adanın yığılması podratçı tərəfindən bu yaxında yekunlaşıb.

Layihənin genişləndirilməsi barədə mümkün qərara gəlincə, bankdan bildiriblər ki, bu, pilot "FPV" layihəsinin fəaliyyətindən, eləcə də, bütün maraqlı tərəflərlə gələcək müzakirələrdən asılıdır.

"ADB Azərbaycan hökumətini "yaşıl" enerji sektorunun inkişafı üzrə səylərində dəstəkləməyin tərəfdarıdır. 100 kilovatlıq pilot "FPV" layihəsi ADB tərəfindən Azərbaycana göstərilən daha geniş texniki yardımın bir hissəsidir.

Pilot "FPV" layihəsinə əlavə olaraq, texniki yardım, həmçinin, texniki-iqtisadi əsaslandırmaların və biznes modellərinin hazırlanmasını əhatə edir ki, bunlar da özəl sektorun kommunal miqyaslı "FPV"nin quraşdırılmasında uzunmüddətli iştirakını təşviq edir. ADB bərpa olunan enerji üzrə bu innovativ texnologiyanı inkişaf etdirməklə Azərbaycan hökumətini aşağıkarbonlu inkişaf səylərində dəstəkləyir", - deyə bankdan bildiriblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *