Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üzən günəş elektrik stansiyasının hazırlanması layihəsinin miqyasını genişləndirə bilər.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.
"AİB hazırda "Üzən günəş elektrik stansiyasının hazırlanması" layihəsini reallaşdırır. Bu çərçivədə bəzi yüksək texnologiyaların pilot sınaqları keçiriləcək ki, bu da ölkələrə öz bilik və potensialında böyük sıçrayış etməyə və özəl sektorların yerüstü və üzən günəş batareyalarının inkişafı prosesində iştirakına hazırlığı yüksəltməyə imkan verəcək. Layihənin yekunlarına əsasən, AİB həm də Azərbaycanda üzən günəş elektrik stansiyasının hazırlanması layihəsinin miqyasını genişləndirə bilər", - deyə K.Makdeyqan bildirib.
Onun sözlərinə görə, AİB azkarbonlu və bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsi, enerji təhlükəsizliyinin və iqlim dəyişikliklərinə dayanıqlılığın artırılması üçün infrastrukturun bərpası hesabına daha yoxsul və həssas ölkələrdə əsas enerji mənbələrinə çıxış imkanlarına prioritet diqqət ayırır.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB-in ölkədəki əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsinə yönəlib.
Rəylər (0):