Aktiv istehlakçı anlayışı “Elektrik enerjisindən istifadə Qaydaları”na daxil edilib

image

Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda və 17 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərenerji” və “Azərişıq” ASC-lər arasında elektrik enerjisinin satınalma Müqaviləsi”ndə dəyişiklik edib.

Renewables.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni anlayışlar daxil edilib:

- reaktiv güc əmsalı (tgφ) - reaktiv gücün (və ya enerjinin) aktiv gücə (və ya enerjiyə) nisbəti;

- reaktiv gücə məsul abonent - istehsal, dəmir yolu, elektrikləşdirilmiş şəhər nəqliyyatı, kommunal təsərrüfatı və meliorasiya obyektlərinə aid abonent və tələb olunan gücü 150 kVt-dan yuxarı elektrik qurğuları olan digər abonent (məişət abonenti istisna olmaqla);

maksimum yük saatları - elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən böyük həcmdə istehlak olunduğu saatlar;

minimum yük saatları - elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən az həcmdə istehlak olunduğu saatlar;

aktiv istehlakçı - elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs.

Bundan başqa, dəyişikliyə əsasən, Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonent elektrik şəbəkəsinə qoşulma nöqtəsində reaktiv güc əmsalını bu Qaydaların 10 nömrəli əlavəsində göstərilən maksimum (tgφmax) və minimum (tgφmin) qiymətləri intervalında (tgφmin ≤ tgφ ≤ tgφmax) saxlamağa borcludurlar.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar.

Enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir.

Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aparılır.

Reaktiv güc əmsalı (tgφ) elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ötürücü elektrik şəbəkəsi üçün dövlət elektroenergetika müəssisəsi, paylayıcı elektrik şəbəkəsi üçün isə enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir və ödəniş sənədində qeyd olunur.

Elektroenergetika sisteminin maksimum və minimum yük saatları dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.

Hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *